AZ

Hökümənin anası: Qızım deyirdi ki, “mənimlə fəxr elə, sizin başınızı uca edəcəyəm”

Samux, 27 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanlardan biri də Samuxdan olan stüardessa Hökümə Əliyevadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hökümə Əliyevanın yaşadığı evin önündə yas çadırı qurulub, hər kəs kədər içindədir. Hökümənin anası Kəmalə Alıyeva ilə danışmağa çalışırıq. Əvvəl danışa bilməyəcəyini desə də, özündə təpər tapıb qızı haqqında bu sözləri deyir: “İşini çox sevirdi. Hər zaman iş yoldaşlarından, peşəsindən ağız dolusu danışırdı. Səma aşiqi idi. Hər dəfə fərqli ölkələrə gedəndə sevinirdi. Deyirdi ki, “ana mənimlə fəxr elə, mən sizin başınızı uca edəcəyəm”. Bu gün qızımla fəxr edirəm”. Sonra susur...

O, göz yaşlarını silərək sözlərinə davam edir: “İnternetdə təyyarələrin qəza videoları qarşıma çıxanda Hökümə icazə vermirdi baxım. Narahat olmağımı, qorxmağımı istəmirdi. Deyirdi ki, sən ancaq mənimlə fəxr elə. Övladımın qəhrəmanlığı ilə qürur duyuram”.

Hökümə Əliyevanın qardaşı Coşqun Alıyev isə təyyarə qəzası haqqında xəbəri işə gedərkən öyrənib: “Xəbəri işə gedəndə aldım. Sonadək ümidimi itirmədim. Dedilər ki, ekipaj üzvlərindən sağ qalanlar var... Amma... Sevdiyi peşə idi, sona qədər canla-başla xidmət etdi”.

Coşqun Alıyev bacısının “Hər şey yaxşı olacaq” sözlərini təkrar dilə gətirir və bildirir ki, o, hətta elə vəziyyətdə belə sərnişinlərə ümid verib, işinə sadiq qalıb: “Qəzadan bir an öncə belə insanlara ümid verməsi, onun necə təmkinli, peşəkar olduğunu göstərir. Bacım işini sevirdi, o, nə lazım idisə etdi”.

Həqiqətən də Hökümə işini son anadək layiqincə yerinə yetirdi. Onun verdiyi təlimatlar nəticəsində neçə-neçə insan qəzadan sağ çıxdı. Allah sənən rəhmət eləsin Səma aşiqi...

 

Seçilən
6
azertag.az

1Mənbələr