AZ

Rəşad Bayramov: "Rusiya tərəfi bunun izahını verməlidir"

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan mülki təyyarəsinin Rusiya tərəfindən vurulması təsadüf, yaxud səhlənkarlıq olsa belə, bu bir cinayətdir, cinayətin üzərinin müxtəlif yalanlarla ört-basdır edilməsi ikiqat cinayətdir".

Bunu hafta.az-a politoloq Rəşad Bayramov bildirib.

"Bu barədə rəsmi məlumatlar olmasa da, bəllidir ki, təyyarəmizin vurulmadan sonra Qroznı, Mahaçqala, Mineralnıy vodıda eniş etməsinə imkan verilməyib. Ondan sonra rabitə xətləri bloklanaraq təyyarə Xəzər üzərindən Aktau tərəfə yönləndirilib. Rusiya tərəfi bunun izahını verməlidir".

Politoloq hesab edir ki, əgər kənardan vurulmuş və enmə icazəsini vermədikləri təyyarəni neçə yüz  kilometr məsafəyə yönləndiriblərsə,  rabitə xətlərini bloklayıblarsa və təyyarəyə Xəzər dənizi üzərindən trayektoriya seçiblərsə, deməli onun vurulmasını ört-basdır etmək, iz itirmək  məqsədi daşıyıblar.

"Məntiqlə bu gün Rusiya Azərbaycanla münasibətlərini korlamaqda maraqlı olmamalıdır. Amma hadisə baş verib, ilkin versiyalar var. Bütün bunlara baxmayaraq, Rusiya tərəfinin susqun qalması, xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda özünü Çeçenistanın mütləq hakimi hesab eliyən Kadırovun bu proseslərdən nə qədər xəbərsiz olması suallar doğurur. Özünü Çeçenistanın sahibi elan edən bir şəxs, nəinki məsələlərlə bağlı münasibət bildirmir, eyni zamanda  nəzarətində olan hərbi birliklərin necə olub ki, mülki təyyarəni hədəfə almasına da aydınlıq gətirmir. Yaxud, necə olur ki, təyyarəyə eniş icazəsi verilmir və sair. Bütün bunlara aydınlıq gətirilməlidir. Amma bütün bunlardan sonra Çeçenistanın Təhlükəszilik Şurasının katibinə-qardaşı oğluna "Çeçenistan qarşısında xidmətlərinə görə medal"ın verilməsi isə, ümumiyyətlə heç bir əndaziyə sığmır".

Politoloq hesab edir ki, Rusiya bütün bunlarla bağlı konkret mövqe ortaya qoymalıdır.  Onun fikrincə, bu, sıradan bir hadisə olmadığı üçün konkret, tez bir şəkildə müvafiq suallara aydınlıq gətirilməsi vacibdir.

"Ümid edirəm ki, Rusiya hakimiyyəti bu hadisə ilə bağlı bütün suallara cavab verəcək və təqsiri olanların cinayət mühakiməsinə cəlb edilməsini təmin edəcək".

Seçilən
49
hafta.az

1Mənbələr