Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına açıqlama verib.
Arena.az xəbər verir ki, 24 yaşlı qolkiper Ağdam klubuna keçidindən və bu komandadakı çıxışından söhbət açıb
O, “Przegladsportowy” nəşrinə müsahibəsində Azərbaycan çempionuna keçidini belə qiymətləndirib: “Bu transferlə arzumu reallaşdırdım. Avrokuboklarda oynamaq üçün “Qarabağ”a keçdim”.
Polşalı qolkiper Bakıda Xorvatiya təmsilçisi “Dinamo”ya (Zaqreb) qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu (0:2) haqqında danışıb. Polşalı oyunçu “UEFA Çempionlar Liqasının himnini eşidəndə bir az stress keçirdinizmi” sualını belə cavablandırıb:
“Bəli. Amma eyforiya daha çox idi. Çünki arzumu reallaşdırdım”.
Koxalski Azərbaycan haqqında da danışıb: “Polşa nisbətən təhlükəsiz ölkədir. Ancaq Azərbaycanda təhlükəsizlik hissi daha böyükdür. Mən heç bir dava-dalaş, küçələrdə sərxoş insanlar və ya evsiz-eşiksiz insanlar görmədim. Halbuki, Azərbaycanı tam başqa cür təsəvvür edirdim”.
Xatırladaq ki, Mateuş Koxalski 2024-cü ilin avqustunda “Qarabağ”a transfer olunub. Azərbaycan çempionu polşalı qolkiperi “Stal” (Mielets) klubundan 900 min avroya transfer edib. Koxalski Ağdam klubunun heyətində 14 oyuna çıxıb, 17 qol buraxıb, 5 matçda qapısını toxunulmaz saxlayıb.
Polşalı qapıçı daha öncə “Legionoviya Legionovo”, “Radomyak” (Radom) və “Legiya” (Varşava) kimi klublarda da forma geyinib.
Koxalski 2024-cü ilin iyununda Polşanın əsas millisinin AÇ-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, buna qədər U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.