AZ

Pilotların qəhrəmanlıqları mütləq dərsliklərə salınmalıdır – TƏKLİF VƏ RƏY

Yerdən Göyə qədər təəssüf...
 
25 dekabr tarixində Bakı-Qroznı reysi ilə uçan “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması artıq bir neçə gündür ki, bütün dünya mediasının əsas gündəminə çevrilib. 
 
Xeyli sayda soydaşımızın həlak olduğu təyyarə faciəsi ilə bağlı hazırda araşdırmalar davam edir. 
 
Lakin ilkin rəsmi açıqlamalara əsasən, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib və  “Embraer 190” təyyarəsi  Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib. 
 
Pilot heyəti, təyyarə ekipajının  böyük şücaəti nəticəsində  Aktau şəhərinə çatdıra bilsə də, təəssüf ki,  Aktau limanına 3 dəqiqəlik məsafə qalanda qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i azərbaycanlıdır. Məhz pilot və ekipaj üzvlərinin gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib. 
29 şəxsin (27 sərnişin, 2 ekipaj üzvü) həyatda qalmalarının əsas səbəbkarları isə peşəkar ekipaj üzvləri olublar.  Pilotlar - kapitan İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninovun bugün də dünya mediasının heyrətə gətirən peşəkarlığı, həmçinin baş stüardessa Hökumə Əliyevanın fədakarlığı 29 nəfərin həyatda qalmasına, eləcə də təyyarənin dənizdə bataraq tamamilə məhv olmamasına, ən azından,  ekspert , analitik qrupu üçün əlverişli dəlillərin saxlanılmasına səbəb olub. 
 
Bu məsələdə digər iki ekipaj üzvü stüard-Zülfüqar Əsədov və stüardessa Aydan Rəhimlinin də peşəkarlıq və fədakarlığını da xüsusi vurğulamalıyıq. Xoşbəxtlikdən onların hər ikisi həyatda qalmağı bacarıb və  hazırda  xəstəxana şəraitində öz müalicələrini davam etdirirlər. Mütəxəssislər sərnişinlərin həyatının xilas edilməsində ekipaj rəhbəri və üzvlərinin  rolunun danılmaz olduğunu vurğulayırlar.
 
Dərsliklərə düşüləsi qəhrəmanlıqlar
 
Dünyaca məşhur Euronews kanalı öz materialında  bu barədə geniş bilgi verib.  Aktauda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus 8432 saylı reysin son dəqiqələri ilə bağlı təfərrüat ortaya çıxdıqca, getdikcə daha çox ekspert təyyarənin ekipajını qəhrəman adlandırır.
Mütəxəssislərin fikrincə, son ana qədər sərnişinləri xilas etmək üçün əlindən gələni edən pilotlar və stüardessalar həlledici rol oynayıblar.
 
Təyyarə qəzasından sağ çıxan ekipaj üzvü, stüard Zülfüqar Əsəddovun dedikləri də bunu  bir daha sübut edir:
 
“Pilotlar çox çalışdılar ki, təyyarəni havada saxlayıb təyinat nöqtəsinə qədər enişi edə bilsinlər. Onlar bunun üçün çox cəhd etdilər. İlk olaraq da yerə ön təkərləri vurdular. Çünki bütöv şəkildə yerə dəysə idi, oradan sağ çıxan insan olmayacaqdı. Ya ön təkəri seçməli idilər, ya da arxa.”
 
Bunlar əslində bütöv qəhrəmanlığı özündə əks etdirən cümlələrdir. Burada həm inanılmaz dərəcədə peşəkarlıq, həm də misilsiz insanlıq nümunəsi var. Bu, pilotların məhz öz həyatları hesabına başqalarını xilas etmək anlamına gəlir. Bir anlıq o situasiyanı təsəvvür edək: Ölümlə həyat arasında cəmi bir neçə saniyə dayanıb... Amma sən özünü,  sənə bağlı olan yaxınlarını deyil, məhz idarə etdiyin göyərtədəki insanların taleyini düşünür və bütün qərarları buna görə verirsən... Özü də necə?-Vurulmuş və enişinə icazə verilməyən təyyarə ilə... 
 
Bunu həyata keçirən kapitan  İqor Kşnyakin öz böyük təcrübəsi, dərin peşəkarlığı ilə buğun də dünya mediasında qəhrəman kimi müzakirə edilir. Onun həyata keçirdiyi fövqəlbacarıq dünya media manşetlərində heyrət hiss ilə  təsvir olunur. 
 
Onun 15 000 saatdan çox uçuş təcrübəsi olub ki, bunun da 11 200 saatı ekipaj kapitanı olub. Mütəxəssislərin fikrincə, o, birinci zabit Kalyaninovla birlikdə heyrətamiz pilotluq məharəti nümayiş etdirərək, vurulan təyyarənin Xəzər dənizindən keçərək Aktau hava limanının uçuş-eniş zolağından cəmi 3 kilometr aralıda təcili eniş etməsinə nail olub. 
 
Pilotların peşəkarlığını göstərən daha bir detal: Mütəxəssislər tərəfindən təhlil edilən video yazılar göstərir ki, pilotlar təyyarənin sürətini dəyişməyə məcbur olublar: sürəti əldə etmək üçün enmək, sürəti azaltmaq üçün isə qalxmaq.
Təyyarəni bu şəkildə idarə etmək cəhdləri “fuqoid” yırğalanma kimi tanınan amillə nəticələnib. Pilotların yumşaq eniş etmək imkanı olmadı, onlar təcili eniş etmək məcburiyyətində qaldılar.
 
Vacib təklif
 
Həm 25 dekabr təyyarə qəzası, həm də böyük qəhrəmanlıq göstərərək 29 insanın həyatını xilas edən fədakar pilotlarımızın bu peşəkarlıq və şücaəti təhsil mühitinə də yansımalı, insanı fərddən şəxsiyyətə doğru formalaşdırmağı əsas missiya hesab edən tədris proqramının da bir elementinə çevrilməlidir. Qısası, pilotların bu bacarığının ,xilaskarlıq missiyasının dərsliklərdə əksini tapması şagird psixologiyası və onun həyata olan yanaşmasına da xeyli müsbət təsir etmiş olacaqdır. Çünki dərsliklər məzmun və forma etibarilə şagird psixologiyasına uzunmüddətli təsir göstərmə və onun yaddaşının dərinliyinə sirayət etmək gücündədir. Dərsliklərdəki hər hansı material şagird zehni tərəfindən doqma kimi qəbul edilir və onun üçün isbatı ehtiyacı olmayan hökmə- aksiomaya çevrilir. Dünyaca məşhur professorlardan birinin dediyi kimi, ən böyük alim o alimdir ki, onun adı məktəb dərsliklərinin heç olmasa bircə misrasında çəkilir. Bu, məktəb dərsliyinin, tədris proqramının nə dərəcədə əhatəli və sanballı olduğuna bir işarədir. Təyyarə qəzasının qəhrəman pilotları, eləcə də  xanım ekipaj üzvü Hökumə Əliyevanın da adının dərsliklərə salınması bu cəhətdən çox zəruri addım hesab oluna bilər. 
 
Elmin Nuri
Təhsil eksperti
 
 
Seçilən
16
moderator.az

1Mənbələr