AZ

Bakı 2020-ci il helikopter səhvinə görə üzr istəmişdi, indi eyni hərəkəti Moskvadan gözləyir...

Image

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin səhvən də olsa Rusiya hərbi hava qüvvələri tərəfindən vurulması dünyada müzakirə edilən əsas mövzulardan biridir. Təyyarənin “qara qutu”su hələ oxunmasa da, vəziyyətin təhlili onun rusların “Pantsir” sistemi tərəfindən vurulduğuna heç bir şübhə yeri qoymur.

Aviasiya analitiki Riçard Aboulafia “Reuters” agentliyinə müsahibəsində deyib ki, təyyarələr quş sürüsü ilə toqquşması inandırıcı deyil: “Bu halda təyyaələr bir qayda olaraq yaxınlıqdakı aerodromlara yönəldilir. Yenə bu halda, təyyarədə idarəetməni itirə bilərsiniz, lakin bunun nəticəsində uzaq məsafəyə uçmağa ehtiyac olmur". “Sibylline” risk tövsiyə şirkətinin əməkdaşı Castin Kramp hesab edir ki, təyyarənin həm içərisindəki, həm də çöl hissəsində olan zədələr göstərir ki, qəzaya Rusiyanın Qroznıdakı hava hücumlarından müdafiə sistemi səbəb ola bilər: “Qəlpə izlərinə baxanda görürük ki, hava hücumundan müdafiə sisteminə aid partlayıcı təyyarənin arxa və sol hissəsində partlayıb”. Xatırladaq ki, “caliber.az” saytı da özünün etibarlı hökumət mənbələrinə istinadla yazıb ki, qəzanın ibtidai istintaqı zamanı təyyarənin Rusiyanın Qroznıdakı “Pantsir-S” hava müdafiə sistemi tərəfindən hücuma məruz qaldığı  məlum olub. Bundan əlavə, sayt iddia edib ki, Rusiyanın elektron hərb sisteminin müdaxiləsi nəticəsində Azərbaycan təyyarəsinin kommunikasiya sistemi tamamilə iflic vəziyyətə salınıb. “Caliber” həmçinin Rusiya hakimiyyətinin Qroznıda və ya yaxınlıqdakı hər hası digər aeroportda eniş etməyə niyə icazə vermədiyini suallandırıb. Bununla belə sayt sərnişin təyyarəsinə edilən electron müdaxilənin, eləcə də hücumun qəsdən edilmədiyini və həmin vaxt Rusiya hərbi hava sistemlərinin Ukraynaya məxsus dronları hədəf almağa çalışdığını diqqətə çatdırıb. Rusiya sərnişin təyyarəsinin qəzaya uğraması barədə "fərziyyələr"in irəli sürülməsinə dair xəbərdarlıq edib. Kreml sözçüsü Dmitri Peskov məsləhət görüb ki, qəza ilə bağlı istintaqın nəticəsini gözləsinlər: “Kreml Bakıdan Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatları görüb, lakin onlar hələ də qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmir. Təbii ki, gördük, amma bir daha təkrar edirəm, artıq dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və istintaqdan nəticə çıxarılana qədər özümüzdə heç bir qiymətləndirmə aparmaq hüququnu görmürük və etməyəcəyik. Bunu edə biləcək aviasiya səlahiyyətlilərimiz var və bu məlumatlar yalnız onlarda ola bilər”.

Xatırladaq ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin sonuncu günündə Azərbaycan səmasında Rusiya helikopteri vurularkən rəsmi Bakı dərhal üzr istədi, kompensasiya və digər öhdəlikləri öz üzərinə götürdü. İndi Azərbaycan tərəfi də indi Rusiyadan həmin addımların atılmasını gözləyir. Rusiyalı politoloq və jurnalist Maksim Şevçenko da məsələyə eyni prizmadan yanaşır: “Bəli, bu təyyarə ilə hər şey həmişəki kimi sadəcə yalan və hiylədir. Amma elə suallar var ki, onlara aydın cavab vermək yaxşı olardı. “Bağışlayın, müharibə zamanı dəhşətli səhvlər olur” üslubunda açıq etiraf və bəyanatlar əvəzinə, təbliğatçılar səhv iş aparır və nəticədə yaxın dost Azərbaycanla birdən-birə münaqişə yaranır. Bundan kim yararlanır? Deyək ki, Rusiyada belə bir lobbi var. Davam edək, tutaq ki, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atəşə tutulub. Bu, təəccüblü deyil, çünki müasir hava hücumundan müdafiə sistemi optik nişangah vasitəsilə deyil, radar ekranındakı işarə ilə atəş açır və Rusiya hər gün Ukrayna ilə onlarla PUA mübadiləsi aparır.

Əslində, genişmiqyaslı müharibə gedir. Təbii ki, böyük bir hava hədəfinin Qroznıya yaxınlaşdığını görən operator “başla” əmrini verib. Bu, hər bir ağlı başında olan hava hücumundan müdafiə zabitinin vəzifəsidir. Əsgər düzgün edib. Təyyarəni inadla döyüş bölgəsinə istiqamətləndirən yanılmışdı. Bəs o, kim idi, maraqlıdır? Təyyarə Qroznıya haradan gəlirdi? Dağıstandan? Ukrayna PUA-larının Qroznıya birdən başlamayan hücumu fonunda qonşu Bakıdan (orada uçuş təxminən bir saat çəkir) uçuşun əvvəlcədən yaxınlıqdakı digər aerodroma yönəldilməməsi necə ola bilərdi? Qroznıya ən yaxın aerodromlar Dağıstanda Mahaçqala, İnquşetiyada Maqas, Osetiyada Beslandır. Təyyarəni Mahaçqalaya niyə endirmədikləri heç də aydın deyil! Pilotlarla dərc olunmuş danışıqlara əsasən, bu, ən sadə və təbii həll yolu idi. Təyyarə Qroznıya enə bilməyib. Orada əslində hava döyüşü gedirdi. Mahaçqalada isə rahat eniş edə bilərdi. Mahaçqala və Dağıstanın ən böyük hava limanının sahiblərinə hər hansı sualı olan varmı? Qazaxıstana uçmağa kim qərar verdi?”. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.

Nahid SALAYEV





Seçilən
13
11
baki-xeber.com

10Mənbələr