AZ

“Göylərə can atırdı, işləri ilə bağlı çox görüşə bilmirdik” - Aleksandr Kalyaninovu belə andılar-ÖZƏL+FOTOLAR+VİDEO

“Aleksandr Kalyaninov 1-ci sinifdən 11-ci sinfə qədər Bakı Avropa litseyində oxuyub. 5-ci sinifdən mən onlara Fənlərarası təlim dərsini keçməyə başladım. 9-cu sinifdən 11-ci sinfə qədər onların sinif rəhbəri idim. Çox yaxşı uşaq idi. Həmişə günəş kimi işıq saçırdı. Özü də sarışın idi. Üzündən təbəssüm heç vaxt əskik olmurdu. Çox yaxşı da oxuyurdu. Ələxsus da riyaziyyat, fizika, kimya fənlərini. İnglis və Fransız dilində yaxşı danışırdı. Baxmayaraq ki, azərbaycanlı deyildilər, amma çox istəyirdi ki, Azərbaycan dilində də sərbəst danışsın”
 
Bunu Moderator.az-a açıqlamasında təyyarə qəzasında həlak olan pilot Aleksandr Kalyaninovun müəllimi Səbinə Bayramova deyib. O daha sonra əlavə edib:
 
“Aleksandr Bakı Avropa litseyini bitirəndən sonra Milli Aviasiya Akademiyasına qəbul oldu. 1 kurs oxudu. Daha sonra yüksək bal topladı, İzmirdən Texnoloji Universitet onu dəvət etdi. Aleksandr öz təhsilini İzmirdə davam etdirdi. Türkiyədən bizim litseyə təşəkkür məktubu gəlirdi. O dərəcədə yüksək nəticələr göstərirdi. Gecə Türkiyədən hava limanına gəlirdi, səhər saat 8-də artıq litseydə olurdu. Qaça-qaça gəlib öz müəllimləri ilə görüşürdü. Hər kəsə dəstək olurdu. Hündürboy idi, arxada otururdu. Deyirdim ki, Aleksandr, gəl qabağa. İmtina edirdi, deyirdi ki, mən qabaqda otursam arxada oturan dostlarım lövhəni görməyəcəklər. Deyirdim ki, mən səni sağda-solda otuzduracam, onlar rahat görəcəklər. Bütün dostları onu çox istəyirdi. Lövhə qarşısına çıxan sinif yoldaşlarına dərslərində kömək edirdi. Hamıya can yandırırdı.. Aleksandra baxıb həmişə fəxr, qürur hissi keçirirdim. O çox qeyri-adi bir insan idi. Uşaqlıqdan pilot olmaq arzusu ilə böyümüşdü, çünki onun atası da helikopter pilotu idi. Mənim üçün, digər sinfin uşaqları üçün çox ağır itkidir. Biz bir-birimizə zəng edib, Aleksandırdan danışırıq, heç birimiz də inanmırıq ki, o dünyada yoxdur. Qızıl insan idi” deyə müəllimi bildirib.
Aleksandr Kalyaninovun sinif yoldaşı Pəri xanım da Moderator.az-la xatirələrini bölüşüb:
 
“Biz 11 il bir məktəbdə, bir sinifdə oxumuşuq. 1999-cu ildə məktəbə qəbul olub, 2010-cu ildə isə Bakı Avropa litseyinin məzunları olmuşuq. Saşanı 6 yaşından tanıyıram. Bu xəbər həqiqətən də bizləri çox sarsıtdı. Bütün sinfimiz, bütün məktəb Saşa üçün ağlayır. Çünki o qəlbitəmiz, şən bir insan idi. Çox təəssüf ki, biz tez-tez görüşmürdük. Məzun günlərində görüşmüşdük. Sadəcə bilirdim ki, o pilot işləyir. Anası Lena xanım da çox gözəl insandır. Allah ona səbr versin. Çox gözəl övlad böyüdüb. Heyf ki, onu cavan yaşda itirdik. Qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara isə şəfa diləyirəm” deyə Aleksandrın sinif yoldaşı qeyd edib.
Aleksandr Kalyaninovun dostu Məmmədağa isə bildirib ki, işləri ilə bağlı olaraq dostları ilə sıx əlaqə saxlaya bilmirdi:
 
“Hər kəs öz işində-gücündə, ailəsində idi. 1-ci sinifdən 11-ci sinfə qədər onunla yol yoldaşı olmuşuq. Bir insan kimi uşaqlıq dövründən belə hamının yardımına qaçan bir şəxs idi. Saşanın öz xüsusiyyəti var idi. Həm yardım əlini uzadırdı, həm də dəstək olurdu. Sözümüz çəp də gəlib, bir də olub, mübahisələrimiz də baş verib. Aleksandrın ölüm xəbərini eşidəndən şok vəziyyətindəyik. Bütün kadrlar, xatirələr kino lenti kimi göz önümüzdə canlanır. Aleksandır göylərə can atırdı. Bir çox hallarda ikimizin də boyumuz hündür olduğu üçün arxa partalarda əyləşirdik. Biz bu zaman təyyarələr haqqında danışırdıq, fikir mübadiləsi aparırdıq, deyib-gülürdük. Həmişə də pilot olmağı arzulayırdı. Oldu da. Həmin qəza anı təyyarəni yerə endirində bu adam nələr yaşayıb, nələrdən keçib? Bunu təsəvvür etmək çox çətindir. O necə qərar verib? Nəyi düşünüb? Amma əminəm ki, o doğru qərarlar verib. Bu dəfə də inanıram ki, qərarların verilməsində onun da öz töhfəsi olub. Bütün ölkə, hətta dünya artıq bu insanları qəhrəman adlandırır” deyə pilotun dostu bildirib.

 

Seçilən
8
moderator.az

1Mənbələr