“Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir”
İlkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" HHM sistemi tərəfindən hücuma məruz qalıb. Bu barədə "Caliber" redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib. Bundan əlavə, Rusiya tərəfinin REM sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyasında bərpa edilib. Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib. Çeçenistan üzərində uçuşsuz zonanın elan edilməməsinin səbəbi böyük sualdır. Məlum olduğu kimi, Qroznı şəhərinin hava limanı təyyarənin enişinə icazə verməyib. Bundan əlavə, təyyarəmizə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək üçün də icazə verilməyib. HHM atəşinə və REM sistemlərinin təsirinə məruz qalmış dezorientasiya olunmuş ekipaj Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Güman etmək olar ki, bu tövsiyə bir məqsədlə verilib: təyyarə Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun və təyyarə batsın. Lakin bu, qeyd edək ki, bizim ehtimalımızdır. Rusiya KİV-lərində yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məqsədyönlü dezinformasiyadır. Təyyarənin salonundan olan videogörüntülər iki sərnişinin qəlpələrdən yaralandığını göstərir. Bütün şahid ifadələri, o cümlədən təyyarə xaricində eşidilən partlayışlarla bağlı ifadələr HHM-in işini göstərir. Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə aydındır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Lakin müəyyən edilmiş faktları nəzərə alaraq, Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və bütün günahkarların məsuliyyətə cəlb olunacağını, tam araşdırma aparacağını gözləyir. Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, istintaq yekunlaşana qədər Kreml Aktau yaxınlığında baş verən təyyarə qəzasına heç bir qiymət verməyəcək. Peskov Federal Hava Nəqliyyatı Agentliyindən Aktau yaxınlığında baş verən təyyarə qəzasının qiymətləndirilməsini gözləməyə çağırıb. O, Kremlin Bakının Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Azərbaycan təyyarəsini vurmasına görə üzr istəməsi ilə bağlı bəyanatlarını gördüyünü, lakin qəzanın səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər bu vəziyyəti şərh etmədiyini açıqlayıb: “Əlbəttə, bunu görmüşük. Amma bir daha təkrar edirəm, dediklərimə əlavə edəcəyim heç nə yoxdur. Hazırda bu aviasiya hadisəsi ilə bağlı araşdırma aparılır və araşdırmadan nəticə çıxarılana qədər bizim heç bir qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik, informasiya ancaq onlardan gələ bilər”.
Rusiyalı politoloq və jurnalist Maksim Şevçenko öz hökumətinə çağırış edib. Ekspertin sözlərinə görə, bu təyyarə ilə hər şey həmişəki kimi sadəcə yalan və hiylədir. Amma elə suallar var ki, onlara aydın cavab vermək yaxşı olardı: ""Bağışlayın, müharibə zamanı dəhşətli səhvlər olur” üslubunda açıq etiraf və bəyanatlar əvəzinə, təbliğatçılar səhv iş aparır və nəticədə yaxın dost Azərbaycanla birdən-birə münaqişə yaranır. Bundan kim yararlanır? Deyək ki, Rusiyada belə bir lobbi var. Davam edək, tutaq ki, təyyarə Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atəşə tutulub. Bu, təəccüblü deyil, çünki müasir hava hücumundan müdafiə sistemi optik nişangah vasitəsilə deyil, radar ekranındakı işarə ilə atəş açır və Rusiya hər gün Ukrayna ilə onlarla PUA mübadiləsi aparır. Əslində, genişmiqyaslı müharibə gedir. Təyyarəni inadla döyüş bölgəsinə istiqamətləndirən yanılmışdı. Bəs o, kim idi, maraqlıdır? Təyyarə Qroznıya haradan gəlirdi? Dağıstandan? Ukrayna PUA-larının Qroznıya birdən başlamayan hücumu fonunda qonşu Bakıdan (orada uçuş təxminən bir saat çəkir) uçuşun əvvəlcədən yaxınlıqdakı digər aerodroma yönəldilsəydi, nə olardı? Qroznıya ən yaxın aerodromlar Dağıstanda Mahaçqala, İnquşetiyada Maqas, Osetiyada Beslandır. Təyyarəni Mahaçqalaya niyə endirmədikləri heç də aydın deyil! Qazaxıstana uçmağa kim qərar verdi?”.
Rusiyalı politoloq Sergey Markov da deyib ki, AZAL-a məxsus təyyarənin Qroznı yaxınlığında vurulma ehtimalı yüksəkdir. Onun fikrincə, hadisə baş verən anda Ukrayna PUA-larının Qroznıya hücumları müşahidə olunurdu: "Hava Hücumundan Müdafiə (HHM) sistemləri işə düşmüşdü. Yayılan videolarda təyyarənin gövdəsindəki zədələr aydın görünür. Bunun Ukrayna PUA-ları tərəfindən törədildiyi ehtimalı da nəzərdən keçirilir. Təyyarə Aktauya qədər 500 km məsafə qət edib, raket zərbəsi bu qədər məsafəni qət etməyə imkan verməzdi və PUA ilə zədə almaq ehtimalı da var. Raket zərbəsi nəticəsində ciddi zədə alsaydı, təyyarənin bu qədər uzun məsafəni qət etməsi çətin olardı. Buna görə də təyyarənin PUA zərbəsi nəticəsində xəsarət alması daha real görünür. Buna baxmayaraq, zədə Rusiya HHM-dən təsadüfən açılan atəşin nəticəsi də ola bilər. Rusiya tərəfinin qəsdən Azərbaycan təyyarəsinə atəş açması az ehtimaldır”. Politoloq Rusiyanın məsələyə hər hansı münasibət bildirməməsinə də aydınlıq gətirib: “Hadisənin başvermə səbəbləri ilə bağlı Rusiya tərəfi rəsmi açıqlama verməyib, çünki araşdırma hələ davam edir. Əgər təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulduğu təsdiqlənərsə, Rusiya və Azərbaycan arasındakı dostluq əlaqələri nəzərə alınaraq, Rusiya hökumətinin rəsmi üzr istəməsi və məsuliyyətli şəxsləri cəzalandırması gözlənilir. Bununla yanaşı, Rusiya, heç şübhəsiz, AZAL-a təyyarəsinin itirilməsinə və sərnişinlərin həyatına görə təzminat ödəyəcək”.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Rusiya rəsmisi D.Peskov təyyarənin vurulmasına görə Azərbaycandan üzr istəməklə bağlı məsələyə münasibət bildirərkən deyib ki, istintaqın nəticəsi məlum olmayana qədər bunu etməyəcəklər.
Lakin Rusiyanın istintaqın nəticəsindən sonra da üzr istəmək və günahkarları cəzalandırmaq istəmədiyi görünür:
"Bunu Peskovun açıqlamasındakı bir detal da deməyə əsas verir. Kremlin sözçüsü fikrinin davamında bildirir ki, “bunu edə biləcək (yəni istintaqı apara biləcək) aviasiya səlahiyyətlilərimiz var və bu məlumatlar yalnız onlarda ola bilər”. Bu o deməkdir ki, Rusiya tərəfi “yalnız öz mütəxəssislərinin fikrini əsas götürmək” niyyətindədir. Moskvanın üzr istəməkdən yayınmaq üçün istintaqın nəticələrinə təsir etmək cəhdləri də müşahidə edilir. Bu kontekstdə üç məqam xüsusilə diqqət çəkir. R.Kadırov Bakıya yaralılara və həlak olanların ailələrinə kömək təklifi edib. Bu, Rusiya rəhbərliyinin göstərişi ola bilər və məqsəd məsələnin ciddiliyini Bakı-Qroznı marşrutuna endirmək, məsuliyyəti Kadırovun üzərinə qoyaraq, həll etməkdir. Baş verənlərə görə Kadırov məsuliyyət daşıyır, çeçen liderin qardaşı oğlunu təltif etməsi həm də təyyarənin vurulduğunun dolayısı ilə etirafı hesab oluna bilər. Lakin Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir. Rusiya və Qazaxıstanın hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılması reallığın gizlədilməsi və Moskvanın istədiyi nəticənin çıxarılması məqsədi daşıyır. Nəhayət, hökumətdəki mənbələrin təyyarənin vurulduğu faktını mediada təsdiq etməsi, eləcə də Azərbaycanın hər iki təklifdən imtina etməsi o deməkdir ki, rəsmi Bakıda baş verənləri Rusiya tərəfindən gizlətmək cəhdinə dair məlumatlar var".
Ekspertin sözlərinə görə, bu məqamlar fonunda “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrovun açıqladığı “duman” iddiasını təkrarlaması Moskvanın gerçək niyyətinin rəsmi şəkildə elan edilməsidir:
"Lakin Bakının hadisənin və “qara qutu”nun beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılması tələbi Moskvanı fakt qarşısında qoyacaq. Rusiya üçün bu məsələdən yeganə çıxış yolu etiraf etmək və Azərbaycandan üzr istəməkdir".