“İzləri ört-basdır etmək üçün müəyyən addımlar atırlar”.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması versiyası artıq təsdiqlənməkdədir. İlkin araşdırma nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə Çeçenistan paytaxtına yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb.
Polotoloq Rasim Musabəyov Bakupost.az -a bildirib ki, təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub.
Onun sözlərinə görə, bunu inkar etmək mümkün deyil:
"Ancaq Rusiyada bunun izlərini ört-basdır etmək üçün müəyyən addımlar atırlar. Bunun əvəzində Rusiya tərəfi vəziyyətə adekvat davranmalı və üzr istəməlidir. 2020-ci ildə 44 günlük müharibə zamanı Rusiyaya məxsus hərbi helikopter vurulanda Azərbaycan tərəfi üzr istəyib, günahkarların məsuliyyətə cəlb ediləcəyini və təzminat ödəyəcəyini bildirib. Bu dəfə də Rusiya hadisəni törədənləri məsuliyyətə cəlb etməli, ölənlərə və qurbanlara görə təzminat ödəməlidir. Əgər bu baş verməsə, o zaman münasibətlər mütləq başqa müstəviyə keçəcək”.
Politoloq bildirib ki, ehtimallara görə, bu hadisəyə görə məsuliyyət Rusiyada xüsusi statusa malik olan Kadırovun üzərinə düşür:
“Onlar istintaqın nəticəsini və prezident Putinin bu məsələ ilə bağlı qərar verməsini gözləyirlər. Kreml bilməlidir ki, bu hadisəni qiymətləndirməkdən və öz məsuliyyətini boynuna almaqdan qaça bilməyəcək. Kremlin mövqeyindən asılı olaraq, hər iki tərəfdən müvafiq reaksiya olacaq. Azərbaycan və digər dövlətlər hələ də Rusiya ilə normal münasibətlərdədir. Rusiyanın reaksiyası qeyri-qənaətbəxş olsa belə, bizim Rusiya ilə münasibətləri kəsəcəyimiz ehtimalı azdır”.
Politoloq Zaur Məmmədov deyir ki, təyyarənin vurulması versiyası rəsmən təsdiqləndikdən sonra Rusiya tərəfi hansı ölkənin təyyarəsi vurulubsa, həmin ölkədən nümayəndələr dəvət etməlidir. Düzdür, təyyarənin qəzaya uğradığı ərazi Qazaxıstan ərazisidir, amma Rusiyanın özündə kifayət qədər araşdırılası məqamlar var:
“Niyə GPS sistemi bağlanıb, yaxın aeroporta enişə icazə verilməyib? Ümumiyyətlə, niyə mülki təyyarənin uçduğu istiqamətdə atəş açılıb? Bu suallar açıq qalır. Bunlar aydınlaşandan, rəsmən təsdiqdən sonra Rusiya bu qədər insanın ölümünə görə, əvvəlcə üzr istəməlidir. Bundan sonra isəhəyatını itirmiş insanların ailələrinə ciddi kompensasiya ödənişi edilməlidir”.
Politoloq Məhəmməd Əsədüllazadə bildirib ki, Rusiya Azərbaycandan üzr istəməyəcək:
"Üzr istəyərsə, Donetskdə bir neçə il bundan əvvəl vurulan Niderland təyyarəsinə görə də üzr istəməlidir. Həm də Rusiya rəhbərliyi ümumiyyətlə, səhv etmədiyini nümayiş etdirir. Onların davranışı "nə istəyiriksə, onu edə bilərik" kimidr. Rusiya rəhbərliyi üzr istəməyi zəiflik kimi qəbul edir. Göründüyü kimi, Kreml üçün qonşu ölkə və tərəfdaşlıq, insan həyatı önəmli deyil. Bununla da Rusiya mülki təyyarələr üçün təhlükəli ölkə statusunu aldı".
Politoloq Elçin Alıoğlu vurğulayıb ki, təyyarənin vurulması faktını qəbul etmək Rusiyanı zərərçəkən tərəflərə təzminat ödəmək öhdəliyi ilə qarşı-qarşıya qoyur. Bu, sadəcə, maliyyə məsuliyyəti deyil, proses daha geniş nəticələrə səbəb olacaq bir səhvin etirafıdır: “Bu, həmçinin cəzaların tətbiqi ilə nəticələnəcək, xüsusilə də hava hücumundan müdafiə sistemi ilə əlaqəsi olan şəxslərin. Çeçenistan elitasının məsuliyyətə cəlb edilməsi isə Kremlin siyasi maraqlarına ziddir”.
Politoloqun sözlərinə görə, Rusiya üçün vəziyyət son dərəcə mürəkkəb olaraq qalır. Hər hansı bir qərar risklidir: “Təqsiri etiraf etmək zərərlər zəncirinə gətirib çıxaracaq”.
Sevinc,
BakuPost