Azərbaycan araşdırmanın ilkin nəticələri əsasında hesab edir ki, təyyarənin Aktauda qəzaya uğramasına səbəb "kənar müdaxilə"dir və istintaq və silahın növünü araşdırır.
Bunu 40-a yaxın adamın ölməsi, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən Bakı-Qroznı təyyarəsinin qəzaya uğramasını araşdıran Dövlət Komissiyasının üzvü, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cümə günü deyib.
Videonu Youtube-da izləyin.
"Ancaq kənar müdaxilənin hansı növ silahdan olduğunu istintaq müəyyənləşdirəcək", - o bildirib.
"Sosial şəbəkələrdən və mətbuatın yaydığı görüntüdən də görmək olur ki, bir xanım qolundan və ayağından xəsarət alıb. Bundan başqa, təyyarənin qanadında deşik izlərini görmək olar. Hava gəmisinin daxilində fuzlayjda və müxtəlif kəsici alətlərlərin zədələri var. Rusiya vətəndaşları olan zərərçəkənlər də bildiriblər ki, Qroznı üzərində 3 dəfə partlayış səsi eşidiblər. Onların dediyinə görə, partlayış səsləri kənardan gəlib, daha sonra təyyarəyə nəsə toxunub", - nazir deyib.
"Bununla yanaşı, təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək. GPS-in söndürülməsi ilə bağlı məsələ isə dəlillər ortaya qoyulduqdan sonra aydın olacaq", - rəqəmsal inkişaf və nəqliyyat naziri bildirib.
Bundan əlavə, nazir təyyarədə oksigen balonunun partlaması iddiasının da Rusiya tərəfdən irəli sürüldüyünü diqqətə çatdırıb.
"Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib", - Rəşad Nəbiyev əlavə edib.