Ötən gün “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilib.
Hüquqşünas Ramil Süleymanov Referans.az-a açıqlamasında dəyişikliyin mahiyyəti haqqında danışıb.
“Hərbi xidmətlə bağlı məsələlər “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Belə ki, qanunun 2.0.8-ci maddəsinə əsasən, çağırışçı dedikdə kişi cinsindən olan, ilkin hərbi qeydiyyatı aparılmış və yaşı 35-ə qədər olan Azərbaycan Respublikasının vətəndaşları nəzərdə tutulur. Həmin qanunun 18.2-ci maddəsinə görə isə əgər çağırışçıya möhlət hüququ verilirsə, bu barədə mütləq şəkildə o, 35 yaşına qədər növbəti çağırışa çağırılmalıdır. Eyni zamanda bildirmək istəyirəm ki, müharibə dövrü üçün məhdud yararlı və yararsız, dinc dövr üçün yararlı olan şəxslərin də müəyyən xəstəlikləri ilə bağlı 3 ildən bir tibbi müayinədən keçməsi 35 yaşına qədər davam etdirilir”.
Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinin 27 dekabr tarixli iclasında bir sıra qanun layihələrinə əlavə olunub. Bunlardan biri də “Hərbi vəzifə və hərbi xidmətdən keçmə haqqında” Azərbaycan Respublikasının qanunudur.
“Bu qanununun tələblərinə görə kişi cinsindən olan çağırışçılar 35 yaşına qədər hərbi xidmətə çağırıla bilərdilər. Yeni təsdiqlənmiş dəyişikliyə görə isə hərbi xidmətə son çağırılış yaşı 35 yaşdan 30 yaşa endirilib. Qeyd edim ki, digər tələblər qüvvəsində qalır. 31, 32, 33 və s. yaş qruplarında olan şəxslərə də haqq yaranır ki, qanunun bu dəyişikliyindən yararlanaraq aidiyyatı üzrə Səfərbərlik və Hərbi çağırış üzrə rayon-şəhər şöbələrinə yaxınlaşmaqla birdəfəlik hərbi biletlərini əldə etsinlər”.