Rusiya Prezidenti Putin təyyarə qəzasına görə üzrxahlıq edib, amma Rusiyanın cavabdeh olduğunu etiraf etməyib.
Şənbə günü Azərbaycan və Rusiya prezidentləri mətbuat xidmətləri bildiriblər ki, Prezident Vladimir Putin təyyarə qəzasına görə üzr istəyib.
O, şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb.
Putin AZAL-a məxsus sərnişin təyyarəsinin "Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib", xəbərdə deyilir.
Prezident İlham Əliyev ona zəng edən rusiyalı həmkarı Putinə sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini deyib, Azərbaycan Prezidentinin mətbuat xidməti bildirib.
Kremlin saytında məsələ ilə bağlı cinayət işinin başlanıldığını, Rusiya və Azərbaycanın Baş prokurorluq əməkdaşlarının Qroznıda birgə işlədikləri qeyd olunub.
Dekabrın 25-də səhər saatlarında Bakıdan Qronıya uçan "Embraer 190" sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da, sonradan təyyarə Qazaxıstanın Aktau hava limanına yönləndirilib və orada qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 67 nəfərdən 38 ölüb, 29-u yaralanıb.
Rəsmi məlumatlara görə, göyərtədə olanlardan 42-si Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində onlardan 18-i sağ qalıb, 3-ü ekipaj üzvü olmaqla, 24 nəfər ölüb.
Videoya Youtube kanalımızda baxın