Məlum olduğu kimi, İtaliya yığması ilə AÇ-2020-ni qazanan təcrübəli çalışdırıcı ötən ilin avqustunda sürpriz şəkildə postundan ayrılmış və Səudiyyə Ərəbistanı yığmasının başına keçmişdi. 60 yaşlı mütəxəssis illik 25 milyon dollar maaş olmaqla dördillik müqaviləyə imza atmışdı. Amma onun yeni macərası çox uğursuz və qısa alındı. Səudiyyə Ərəbistanı yığması onun başçılığı altında 18 oyuna cəmi 7 qələbə qazanınca, Mançini bu ilin oktyabrında, yəni cəmi 14 aydan sonra istefaya göndərildi. Hazırda işsiz olan Mançini İtaliya yığmasından ayrıldığına görə peşman olduğuna işarə vurub. O, “Milan” və “Roma”nın maraq dairəsində olması barədə yayılan söz-sözbətə də münasibət bildirib:
Zamanı geri döndərmək fürsətim olsaydı, heç vaxt İtaliya yığmasını tərk etməzdim. Həm texniki, həm də futbolla bağlı səbəblərə görə. Çünki İtaliya yığmasını çalışdırmaq dünyanın ən gözəl işidi. Birmənalı şəkildə yenə həmin dönəmə qayıtsaydım, bu qərarı verməzdim. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə münasibətlərim pozulubmu? Bəlkə də həmin vaxt biz bir-birimizi düzgün anlaya bilmədik. Daha çox ünsiyyətdə olsaq və müzakirələr aparsaydıq, hər şey başqa cür ola bilərdi. Amma mənim Qravina ilə bağlı heç bir pis düşüncəm yoxdu. Başa düşürəm ki, çoxları məni öz ölkəmi təmsil etmək fürsətini geri çevirərək maddiYyatın arxasıyca qaçmaqda günahlandırır. Amma mən artıq öz tariximi yazmışam və özümü sübut etmişəm. Bu cür düşünənlər məni yaxından tanımayanlardı. Kim istəsə, həmin dönəmdə yaşananları bir daha xatırlasın və ondan sonra mənim haqda danışsın. “Roma” və “Milan”? Mənimlə hələ ki heç bir klub rəsmisi əlaqə qurmayıb. Amma yaxın gələcəkdə mütləq yeni nəsə baş verəcək. Bu, sadəcə, zaman məsələsidi”.