AZ

Xırdalanda kafedə dava — TƏFƏRRÜAT

Abşeron rayonunda 1977-ci il təvəllüdlü Fuad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Akifə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Xırdalan dəmir yolu stansiyasının ərazisindəki “Ağ göl” kafesində baş verib. 

Fuad kafenin ümumi müştərilər üçün nəzərdə tutulmuş zalında tanışı Akif ilə həmin kafenin aylıq icarə haqqının ödənişi ilə əlaqədar aralarında yaranmış münaqişə zəminində onun bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq zərbələri endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Fuadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2023-cü ilin yanvar ayında Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən “Ağ göl” adlı kafeni müqavilə əsasında icarəyə götürərək işlədib: “2023-cü ilin fevral ayında tanışım Fizuli adlı şəxsin qohumu olan Akif adlı şəxsə 600 manat müqabilində icarəyə verdim. Hər ay 600 manat olmaqla Akif mənə icarə haqqını ödədi. İyul və avqust aylarının icarə haqqını ödəmədiyinə görə dəfələrlə Akifə kafeni təhvil verməsini bildirdim. Lakin Akif kafenin icarə haqqını ödəməkdən yayınmaqla yanaşı kafeni təhvil vermək istəmədi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, kafenin şüşəsi qırıq olduğundan 27 avqust 2023-cü ildə, təxminən saat 11:00-da kafenin şüşəsini yenisi ilə əvəz etmək üçün oraya gəlib: “Bu zaman Akif kafeyə gələrək əsəbi halda məni kafenin zalına çağırdı. Qapını arxadan bağlayaraq boynumdan tutub sifətimin sol nahiyəsinə dəfələrlə yumruqla vurmağa başladı. Mən Akifi qucaqlayaraq əl qolunu tutmağa çalışdım. Daha sonra Akifi itələyərək kafenin arxa qapısından çölə çıxaraq məntəqə tərəf getdim. Həmin vaxt məntəqədə heç kim olmayıb. Geri qayıdanda Akiflə polis əməkdaşının məntəqəyə gəldiklərini gördüm. Polis əməkdaşları bizi şöbəyə apardı. Bədənimdə aşkar olunmuş xəsarətlər mənə Akif tərəfindən yetirilib. Ola bilsin ki, dava-dalaş əsnasında özümü müdafiə edərkən Akifi vurmuşam, ona xəsarət yetirmişəm. Hadisə zamanı kafedə başqa şəxslər olmayıb. Dava-dalaş təxminən 1-2 dəqiqə davam edib”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Akifin sözlərinə görə, 2023-cü ilin fevral ayında dayısı oğlu Fizuli Musayevin tanışı olan Fuad adlı şəxsdən Xırdalan dəmir yolu stansiyasının ərazisində yerləşən “Ağ göl” adlı kafeni aylıq 600 manat müqabilində icarəyə götürüb və 2023-cü ilin fevral ayının əvvəlində 1 illik 7200 manat pulu, yəni icarə haqqını Fuadın qardaşı Fəxrəddinə verib: “May ayında Fuad mənə icarə haqqını 1000 manata qaldıracağını bildirdikdə Fuada alver olmadığına görə 1000 manatı ödəyə bilməyəcəyimi bildirdim. Avqustun 27-də, təxminən saat 11:00-da həmin kafeyə gələn zaman Fuad adlı şəxsin kafedə olduğunu gördüm. Fuad məni kafedən qovmaq istədiyinə görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Fuadla əlbəyaxa oldum. Fuad yumruq təpiklə mənim bədənimin müxtəlif nahiyələrinə, mən də öz növbəmdə yumruq təpiklə Fuadın bədəninin müxtəlif nahiyələrinə vurdum”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fuad aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
14
5
demokrat.az

6Mənbələr