Kanadanın Halifaks hava limanı “Air Canada Express Flight 2259” ilə insident səbəbindən müvəqqəti bağlanıb.
Editor.az xəbər verir ki, hava limanının mətbuat xidməti X sosial şəbəkəsində bildirib. Departamentin nəşrində təyyarə ilə dəqiq nə baş verdiyi göstərilmir. Lakin CBS News-un verdiyi məlumata görə, təyyarə yerə enərkən uçuş-enmə zolağından sürüşüb və bir hissəsi alovlanıb. Təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri təxliyə edilib.
Hava limanının mətbuat xidmətindən verilən açıqlamaya görə, insident yerli vaxtla təxminən 21:30-da baş verib. PAL Hava Yollarına məxsus təyyarə Sent Consdan uçub. Təyyarədə olan insanların sayı açıqlanmır. Sərnişinlərdən biri CBS News-a bildirib ki, eniş zamanı eniş şassisi təkərlərindən biri nasaz olub. Onun sözlərinə görə, təyyarə təxminən 20 dərəcə sola yuvarlanaraq yerə enib, bundan sonra sərnişinlər təyyarənin qanadının asfaltda sürüşməyə başladığını görüblər. O qeyd edib ki, enişdən sonra təyyarənin sol tərəfində yanğın baş verib.
//Samir Qurbanov, Editor.az