AZ

Rusiya İlham Əliyevin səsləndirdiyi şərtləri yerinə yetirməlidir

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə Aktauda qəzaya uğraması, qəza nəticəsində insan itkisinin olması hər birimizi kədərləndirir. Azərbaycan xalqı olaraq hər zaman çətin anlarda birlik və həmrəylik nümayiş etdirmişik. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində baş vermiş bu faciə ilə bağlı da bütün xalqımız həmrəydir, bu ağrı-acı hamımızın acısıdır".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. 

Deputat bildirib ki, cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində hadisə, onun baş vermə səbəbləri, aparılan araşdırmalar barədə geniş fikirlərini ifadə edib. İlk növbədə, təyyarəni idarə edən heyətin qəhrəmanlığı xüsusi vurğulanmalıdır. 

Dünyada təyyarə qəzaları vaxtaşırı baş verir, amma hər pilot insanları xilas etməyi bacarmır. Bizim pilotlarımızın qəhrəmanlığı isə dünyaya səs salıb. Onların canları bahasına sərnişinlərin bir hissəsi sağ qala bildilər. Dövlət başçısı tərəfindən faciə zamanı həyatını itirmiş ekipaj heyətinə Azərbaycanın Milli Qəhrəmanı fəxri adının verilməsi, sağ qalanların ordenlə təltif olunması çox yüksək dəyərə layiqdir. 

Millət vəkilinin sözlərinə görə, hazırda baş vermiş qəzanın araşdırılması cənab Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən cənab Prezident İlham Əliyev baş vermiş təyyarə qəzası haqqında məlumat alan kimi dərhal geri dönmək qərarını verdi. O, hələ təyyarədə olarkən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar vermişdi. Cənab Prezidentin baş vermiş faciəyə son dərəcə həssas yanaşması onun hər bir vətəndaşa doğma münasibətini ifadə edir. 

Bu faciə ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da birgə bəyanat imzalayaraq eyni mövqe ifadə etməsi təqdirəlayiq addımdır və bu, taleyüklü məsələlərdə siyasi baxışlarından asılı olmayaraq siyasi qüvvələrin həmrəyliyinin və dövlətimizə siyasi dəstəyinin göstəricisidir. Bu cür bəyanatlar, faciənin ciddi və kədərli bir hadisə olduğunu vurğulamaq, qurbanların ailələrinə başsağlığı vermək və həmçinin ölkədəki ümumi həmrəylik və birliyi nümayiş etdirmək məqsədi daşıyır.

Fatma Yıldırım qeyd edib ki, artıq Rusiya tərəfi hadisəyə görə rəsmən üzr istəyib. Bundan sonra Rusiya cənab Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi şərtləri yerinə yetirməlidir. Azərbaycan hadisənin ədalətli və obyektiv araşdırılmasının tərəfdarıdır. Cənab Prezidentimizin qətiyyəti də məhz belə olacağını deməyə əsas verir.

Seçilən
22
2
modern.az

3Mənbələr