AZ

Bakı istintaqın gedişini nəzarətdə saxlayır- ŞƏRH

Rusiya təyyarənin vurulma faktı ilə razılaşır

“Kreml üzrxahlıq etməyə məcbur oldusa, günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsini də qəbul edəcək”

"Rusiya məsuliyyəti üzərinə götürmək və üzrxahlıqda maraqlı deyildi. Sadəcə olaraq, fakt qarşısında qaldı və bunda iki məqam xüsusilə rol oynadı. Rəsmi Bakının məsələnin üzərinə getməsi və Rusiya üçün Azərbaycanla münasibətlərin mənfi məcraya yönəlməsinin ziyanlı perspektivləri...".
Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, mövcud situasiyada Rusiyanın məsuliyyəti üzərinə götürməməsinə texniki aspektdən yanaşmaq olar: "Çünki təyyarənin vurulması ilə bağlı istintaq gedir və Moskva yekun nəticə olmadan məsuliyyəti üzərinə götürmək niyyətində deyil. Moskvanın Kiyevi günahkar göstərmək niyyəti də ortadadır. Lakin artıq təyyarənin “duman”, yaxud digər uydurma səbəblərə görə qəzaya uğraması iddiasından əl çəkən Rusiya vurulma faktı ilə razılaşır. Putinin “sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması” qeydi də bunun etirafıdır. Bu baxımdan, “hadisənin Rusiya səmasında baş verdiyi üçün üzr istəyən” Putin məsuliyyəti qəbul edir. Hərçənd, Ukraynanı da günahlandıra bilmək ümidi ilə istintaqın yekununu gözləyir".

Analitikin fikrincə, günahkarların cəzalandırılması məsələsində də müəyyən addımların atıldığını demək mümkündür:

 "Rusiyada Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi açılıb. Çeçenistana gedən Azərbaycan Baş Prokurorluğunun əməkdaşları rusiyalı prokurorlarla birlikdə istintaqda iştirak edir. Kompensasiya məsələsi isə bütün prosesin yekununda – istintaqın nəticəsindən sonra aktuallaşacaq. Təbii ki, Rusiya bunların heç birində maraqlı deyil. Lakin istəməsələr belə, üzrxahlıq etməyə məcbur oldularsa, günahkarların cəzalandırılması, kompensasiyanın ödənilməsini də qəbul edəcəklər. Bakı istintaqın gedişini nəzarətdə saxlayır".


Seçilən
85
sherg.az

1Mənbələr