AZ

Bu dəfə 34 il öncəki kimi olmadı – 20 Yanvardan 25 dekabra

Mülki təyyarəmizin Rusiya HHM-i tərəfindən vurulduğu 25 dekabr və sonrakı bir gün bizə 20 Yanvarı və ondan sonrakı 40 günü (hətta 365 günü) xatırlatdı.

Onda da çox sarsılmışdıq, çox kədərlənmişdik, dərindən məyus olmuşduq, möhkəm hiddətlənmişdik.

Onda da bədheybət qoluzorlunun hərbi təcavüzünə məruz qalmış, “Ağanəzərəm, belə gəzərəm” ədası ilə üzləşmiş, sovetizm, bolşevizm pərdəsinə bürünmüş rus şovinizminin qan daman cavcısını, azı dişlərini, qanlı caynaqlarını görmüşdük.

Bu dəfə o vəziyyətə düşmədik, ümumi məyusluq ovqatından tez çıxdıq və bunun xüsusi səbəbləri oldu. Dövranın nə qədər dəyişdiyinin fərqinə vardıq. Ancaq bu, ayın 25-də və 26-da olmadı, ondan sonrakı günlərdə oldu.

Zaman 34 il əvvəlki deyildi. Kreml başbilənləri Bakıya qoşun yeridib qanlı qırğına, mülki insanların ölümünə baiskar olarkən elə ayın 21-dən peşman olsalar da, bunu dillərinə gətirmir, özlərini mülki insanların qətlində təqsirli bilmirdilər. Amma nə boyda qələt qırdıqlarını mühəqqəq anlamışdılar.

O zaman dünya birliyi Kremldəki qatillərin antibəşəri və hərbi cinayətini görməzliyə vurmuşdu. Hətta Bakının insan itkisi 150 nəfər yox, 1500 nəfər olsaydı da, Qorbaçovu “sevimli lider” elan etmiş Qərb onu qınayası deyildi. Onlarda belə bir qənaət vardı ki, Qorbaçov nə edir, düz edir, sovet quruluşunu dağıdır, qoy dağıtsın.

Bu dəfə başda BMT və ABŞ olmaqla qüdrətli dövlətlər və təşkilatlar Rusiya HHM-i tərəfindən vurulan mülki təyyarədə həlak olan sərnişinlərin və ekipajın faciəsinə biganə qalmadılar. Çünki 1990-cı ildəkindən fərqli olaraq, indi onların Rusiya ilə münasibətləri düşməncəsinədir. O vaxt onlar Qorbaçovu mütərəqqi lider sayırdılarsa, indi prezident Putini diktator adlandırırlar.

Başqa sözlə, Qərb ölkələrinin vurulan təyyarə olayına obyektiv yanaşması heç də Azərbaycanı çox istədiklərindən və gerçəkliyin belə olmasına görə deyil, Rusiya ilə apardıqları intriqaya görədir. Əgər təyyarəmizi Ukrayna dronu vurmuş olsaydı, onda görərdik, o dövlətlər necə “araşdırmalar yekunlaşmamış qəti rəy bildirmək mümkün deyil”, deyirlər, ya demirlər.

Hər necə olsa da, bizim bu dəfəki məyusluğumuz iki gün çəkdi. Bu iki gündə hesab edənlərimiz çox idi ki, Kreml təyyarənin vurulması hadisəsindəki rolunu danacaq, cinayəti ört-basdır etməyə çalışacaq, üzr istəməyəcək.

Proses bu istiqamətdə gedirdi, rus “ekspertlər” müxtəlif media qurumlarında “ağıllı-ağıllı” şərhlər verirdilər. Biri deyirdi ki, təyyarənin quş dəstəsi ilə toqquşması çox təhlükəli olur, böyük ehtimalla AZAL-ın təyyarəsini quşlar zədələyib. Başqa biri təyyarənin göyərtəsində nəyinsə partlamasından (silindr, qaz balonu və s.) danışırdı. Təyyarənin Ukrayna dronunun raketinə tuş gəldiyini iddia edənlər də vardı.

Ancaq kim bilməsə də, təyyarəmizin qəza xəbərini alan kimi MDB-nin sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçan dövlət başçısı İlham Əliyev havadaca geri dönərək ölkəyə qayıtmaqla “Embraer M190”-a Qroznı üzərində nə olduğunu bildiyini göstərmişdi.

img_04591735140258.jpg

Təkcə bu fakt ondan xəbər verirdi ki, Aktauda yerə çırpılan təyyarəmiz texniki nasazlığa və ya quş dəstəsi”nin hücumuna görə qəzaya uğramayıb.

Sonrakı günlərdə aydın oldu ki, 1990-cı ildəki qırğından sonra dəb olan deviz (“həyat davam edir, gələcəyə baxmalıyıq”) bu dəfə səslənməyəcək, xalqın balalarının qanını batırmaq mümkün olmayacaq.

Nəticədə hadisə zamanı həyatını itirənlərimiz geri qayıtmasa da, ölkənin, xalqın tələblərinə qarşılıq verildi. Yəqin ki, davamı da olacaq, bi cinayəti törətmiş, mülki təyyarə ilə hücumçu dronu bir-birindən ayıra bilməyən kütbeyinlər cəzalandırılacaq.

252323.jpg

34 il öncə isə təklənmişlik duyğusu dəhşətli idi. O zaman təşkil edən və silah tapan olsaydı, minlərlə azərbaycanlı partizan, mücahid olar, sovet hərbçilərinə qarşı qeyri-bərabər döyüşə girərdi. Ölkə Əfqanıstana dönər, ağır itkilər verərdik, amma düşməni də peşman edərdik.

Bu dəfə Azərbaycan dövləti bütün məsuliyyəti öz üzərinə götürdü. Hamı anladı ki, milli dövləti olmaq nədir.

P.S. SSRİ, yəni qırmızı rus imperiyası 20 Yanvar qırğınının, ittifaq ərazisində törətdiyi bənzər faciələrin bədəlini ağır ödədi, Himalay dağı kimi sarsılmaz görünən dövlət bir neçə ilin içində dağıldı, Kreml hələ də onun acısını yaşayır, xiffətini çəkir.

P.P.S. Bundan sonra “Rusiya ilə necə davranmalıyıq” məsələsi başqa, bir az uzun söhbətin mövzusudur.

Seçilən
46
musavat.com

1Mənbələr