Qazaxıstanın Aktaudakı hava limanında Bakıdan gələn təyyarə ilə bağlı texniki problem qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Tengrinews.kz redaksiyasına daxil olub və Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verib.
Nazirliyin verdiyi məlumata görə, hadisə Bakı–Aktau marşrutu üzrə uçan təyyarədə baş verib, lakin uçuş zamanı təyyarədə sərnişin olmayıb.
"Eniş adi rejimdə həyata keçirilib. Lakin enişdən sonra təyyarənin burun şassisi ilə bağlı problem yaranıb," – deyə nazirlik bildirib.
Hadisə yerinə dərhal aerodromun və yerüstü xidmətlərin əməkdaşları cəlb olunub. Təyyarə uçuş-enmə zolağından çəkilərək dayanacaq yerinə yerləşdirilib. Nazirlik həmçinin Aktau hava limanının açıq olduğunu və adi rejimdə fəaliyyət göstərdiyini qeyd edib.
Qazaxıstan KİV-nin məlumatına görə, problem Gulfstream G450 markalı özəl biznes təyyarəsində yaranıb. Vətəndaş Aviasiyası Komitəsinin mətbuat xidməti hadisənin saat 09:04-də baş verdiyini açıqlayıb.
"ASG Business Aviation LLC şirkətinə məxsus G450 təyyarəsi enişi uğurla həyata keçirdi. Lakin uçuş-enmə zolağı 11/29-da döngə zamanı burun şassisinin idarə olunmasında problem yaşandı. Hadisə yerinə aerodromun yedək texnikası çağırıldı və təyyarə dayanacaq yerinə təxliyə edildi," – deyə komitədən bildirilib.