AZ

Azərbaycanlı yeniyetmələrin ölümünə görə qarşıdurma yarandı - Video

Gürcüstanda iki azərbaycanlı yeniyetməni avtomobil vuraraq öldürüb.

“Ölkə.Az” Qafqazinfo-ya istinadən xəbər verir ki, həmyerlilərimiz iki yeniyetmənin həyatını itirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı etiraz aksiyası keçiriblər və vəziyyət gərginləşib.

Məlumata görə, sakinlər uzun müddətdir təcili yardımı gözlədiklərini, lakin həkimlərin gəldikdən sonra yeniyetmələrə deyil, avtomobil sürücüsünə ilkin tibbi yardım göstərdiyini bildiriblər və bu da onların narazılığına səbəb olub.

“1TV.GE” telekanalının məlumatına görə, hadisə ilə bağlı ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə yerinə toplaşan vətəndaşlar, eləcə də ictimai asayişi qorumaq üçün hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları arasında insident baş verib.

Qeyd olunur ki, yerli sakinlər toqquşmada iştirak edən avtomobili və təcili yardım briqadasının avtomobilini aşırıblar. Həmçinin digər vətəndaşların avtomobillərini zədələyərək sındırıblar.

Bildirilir ki, sakinlər magistral yolda nəqliyyat vasitələrinin hərəkətinə imkan verməyib, həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarının istintaq hərəkətləri aparmasına və təcili tibbi yardım briqadasına mane olublar.

Nazirlikdən qeyd olunur ki, vəziyyəti sabitləşdirmək üçün Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən patrul, kriminal və xüsusi təyinatlı idarələrinin əməkdaşları dərhal hadisə yerinə cəlb ediliblər.

O da bildirilir ki, qarşıdurma nəticəsində Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı, həmçinin 8 vətəndaş müxtəlif xəsarətlər alıb, onlara müvafiq tibbi yardım göstərilib.

Bolnisi xəstəxanasından verilən məlumata görə, yol-nəqliyyat hadisəsindən sonra yaranan qarşıdurmada yaralananlardan ikisinin vəziyyəti ağırdır və onlar Tbilisiyə aparılıb.

Qeyd edək ki, vəfat edənlər 11-ci sinif şagirdi Sinan Şərifov və 9-cu sinif şagirdi Elçin Binətovdur.

Seçilən
1545
9
olke.az

10Mənbələr