Qroznı aeroportunun dispetçeri dekabrın 29-da AZAL-ın təyyarəsinin raketlə vurulmasından sonra uçuşları qadağan edən “Kover” planının tətbiq olunduğunu təsdiqləyib.
“ВЧК-ОГПУ» teleqram kanalının dekabrın 30-da verdiyi məlumata görə, dispetçer Əli İdrisov (“Axmat” klubunun keçmiş futbolçusu) dindirilmə zamanı ifadə verib ki, təyyarə Qroznıda eniş edərkən onun hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb.
“Kover” planına gəlincə, o, bu məlumatı AZAL-ın təyyarəsinin vurulmasından 5 dəqiqə sonra alıb.
İdrisov iddia edir ki, dron hücumundan və hava hücumundan müdafiənin işindən xəbəri olmayıb. O, pilotun sözlərinə istinad edərək, təyyarə ilə insidenti quşlarla toqquşma ilə əlaqələndirib.
O, “Kover” planından tətbiq edilməsini saat 08:21-də, yəni hava gəmisinin vurulmasından 5 dəqiqə sonra xəbər tutub.
İdrisov təyyarəni “kor edən” elektron sistemlərinin işləməsindən də xəbərsiz olduğunu söylədi.
«ВЧК ОГПУ» kanalı həmçinin bildirib ki, dekabrın 20-də Qroznı hava limanı ərazisinə iki “Pantsir” hava hücumundan müdafiə sistemi yerləşdirilib. Elə onlar da dronların hücumunu dəf edib. Təyyarə vurulan zaman eyni anda üç drona atəş açılıb.
Təyyarə ilk dəfə Çeçenistanın Naur rayonu üzərində, aerodromdan 18 km aralıda olarkən vurulub.
Həmin mənbənin məlumatına görə, dekabrın 26-da Ramzan Kadırov İlham Əliyevlə danışmaq istəsə də, Azərbaycan prezidenti onunla danışmaqdan imtina edib. Bu, Kadırov qardaşı oğlunu Qroznı üzərində pilotsuz təyyarələrin “uğurlu” məhvinə görə mükafatlandırdıqdan sonra baş verib. ("Turan")
Qeyd edək ki, Əli İdrisov əvvəllər peşəkar futbolçu olub və “Terek Qroznı”da (indiki “Axmat”) komandasında çıxış edib. 2016-cı ildən isə "Regionlararası İnşaatçılar Birliyində" hüquqşünas kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl isə O, Qroznı hava limanına dispetçer kimi işə düzəlib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Rusiya ərazində vurulub və bundan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. .
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.