ABŞ-də yüz minlərlə insan Yeni ili Nyu-Yorkun Tayms meydanında qarşılayıb.
“Cebheinfo.az” xəbər verir ki, Nyu-York sakinləri başda olmaqla, ABŞ-nin müxtəlif ştatlarından və xaricdən gələn qonaqlardan ibarət yüz minlərlə insan səhər saatlarından etibarən Nyu-York Polis Departamentinin (NPYD) qurduğu nəzarət-buraxılış məntəqələrində tək-tək yoxlanılaraq içəriyə daxil olub.
Polis ola biləcək terror təhlükəsinə qarşı ərazidə həyata keçirdiyi təhlükəsizlik tədbirləri çərçivəsində bayrama gələn qonaqlara çətir, bel çantası, spirtli içki və böyük paketlər daşımağa icazə verməyib.
Yerli vaxtla saat 18:00-da başlayan bayram proqramı gecə yarısına qədər yağan leysan yağışına baxmayaraq müxtəlif sənətçilərin konsertləri, rəqs qruplarının çıxışları və müxtəlif əyləncə tədbirləri ilə davam edib.
Saat 23:59-u göstərəndə Nyu-York meri Erik Adams işıqlı kristal kürənin düyməsini sıxıb.
Enerjiyə qənaət edən 32 mindən çox LED lampadan ibarət diametri 3,6 metr və çəkisi təxminən 5,5 ton olan kristal kürə geri sayımla 21 metrlik dirəkdən yerə atılıb.
Kristal kürə ilə yanaşı, yeni ilin ilk dəqiqələrində atəşfəşanlıq Tayms meydanında gözəl görüntülər yaradıb.
Milli kanallar, internet portalları və sosial media proqramlarında canlı yayımlanan Nyu-Yorkdakı Yeni il şənliyini dünya üzrə təxminən 1 milyard insanın izlədiyi təxmin edilir.
Qeyd edək ki, Tayms meydanında dünyanın diqqətini cəlb edən bu yeni il şənlikləri İkinci Dünya müharibəsi və COVID-19 epidemiyası zamanı yaranan fasilələr istisna olmaqla, 1904-cü ildən bəri təşkil olunur.