AZ

Dieqo Kosta “Qremio”dan ayrıldı

Vaxtilə həm Braziliya, həm də İspaniya yığmalarında oynamış təcrübəli hücumçu Dieqo Kosta Braziliyanın “Qremio” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı hücumçu klubu azad agent statusunda tərk edib. Təcrübəli futbolçunun gələcək karyerası ilə bağlı hansı qərarı verəcəyi bilinmir.

Xatırladaq ki, Dieqo Kosta “Qremio”ya ötən ilin fevral ayında keçmişdi. O, bu müddət ərzində 26 matça çıxaraq 8 qol vurub və 5 qolun ötürməsini verib.

Özünün sərt oyunu, kobud davranışı ilə səciyyəvi olan braziliyaəsilli ispaniyalı mərkəz hücumçusunun futbolçu karyerasının ən məhsuldar dövrü Madrid “Atletiko”su və “Çelsi”nin adı ilə bağlıdır.
Braziliya yığmasının heyətində iki yoldaşlıq oyununda iştirak etmiş Dieqo Kosta sonradan İspaniya vətəndaşlığı alaraq, bu ölkənin milli komandasının heyətində çıxış etməyə başlayıb. Hücumçunun bu addımı o zaman Braziliya futbol ictimaiyyəti tərəfindən heç də xoş qarşılanmamışdı.

Dieqo Kosta “Çelsi” və “Atletiko”dan başqa “Braqa”, “Penafiel”, “Selta”, “Albasete”, “Valyadolid”, “Rayo Valyekano”, “Vulverhempton”, “Atletiko Mineyro” və “Botafoqo”da da oynayıb. O, İspaniya milli komandasında 24 oyun keçirib, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.

Kosta “Atletiko” ilə 2 dəfə (2013/14, 2020/21) İspaniya çempionu olub, İspaniya Kubokunu (2012/13), Avropa Liqasını (2017/18), 3 dəfə UEFA Super Kubokunu (2010, 2012, 2018) qazanıb. “Çelsi” ilə 2 dəfə (2014/15, 2016/17) İngiltərə çempionu olmuş hücumçu İngiltərə Liqa Kubokunu (2014/15) qazanıb. Kosta 2021-ci ildə də “Atletiko Mineyro” ilə Braziliya A Seriyasının və Braziliya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı hücumçu Dieqo Kostanı 1 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
90
arena.az

1Mənbələr