AZ

Monteneqroda üçgünlük matəm elan edildi

Monteneqronun Tsetinye şəhərində atəş açaraq ikisi azyaşlı olmaqla, azı 10 nəfəri qətlə yetirən şəxs özünə qəsd edib.

"Bakuinfo"nun TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) rəhbəri Danilo Şaranoviç təcili keçirilən mətbuat konfransı zamanı məlumat verib.

"Polis əməliyyatı uğurla həyata keçirib. Beləliklə, hadisəni törədən şəxs polis əməkdaşlarının operativ tədbirləri nəticəsində təcrid olunub. Çarəsiz vəziyyətdə olduğunu anladığı zaman o, intihara cəhd edib", - deyə Şaranoviç bildirib.

Onun sözlərinə görə, hücumçu aldığı xəsarətlərdən tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Nazir şübhəlinin Aso Martinoviç olduğunu və onun atışma zamanı bir neçə ailə üzvünü də öldürdüyünü bildirib.

Monteneqronun Baş naziri Miloyko Spaiç qeyd edib ki, ölkə hakimiyyəti Milli Təhlükəsizlik Şurasının iclası zamanı Tsetinye şəhərində baş verən kütləvi atışma fonunda ölkədə silaha sahib olmanın tam şəkildə qadağa edilməsi imkanını müzakirə edəcək.

Monteneqro hökuməti yanvarın 2, 3 və 4-nü matəm günləri elan etmək qərarına gəlib və bələdiyyələri planlaşdırılan tamaşa və konsertləri ləğv etməyə çağırıb.

***

Monteneqronun Tsetinye şəhərində atəş açan şəxs 2-si azyaşlı olmaqla azı 10 nəfəri öldürüb.

"Bakuinfo" xəbər verir ki, bu barədə Monteneqronun daxili işlər naziri Danilo Saranoviç mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, silahlı şəxs öz ailəsinin bir neçə üzvünü də qətlə yetirib. Nazir Tsetinye sakinlərini şübhəli həbs olunana qədər evlərini tərk etməməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 7 nəfərin həlak olduğu bildirilirdi.

***

Monteneqronun Tsetinye şəhərində silahlı şəxs kafelərin birində atəş açıb, nəticədə 7 nəfər həlak olub.

"Bakuinfo" xəbər verir ki, bu barədə RTCG portalı məlumat yayıb.

Qeyd olunur ki, artıq şəxsiyyəti müəyyən edilən 45 yaşlı şəxs hadisə yerindən qaçıb. Polis onu axtarışlarını davam etdirir. Məlumata görə, atışmaya səbəb kafedə müştərilər arasında yaranmış mübahisə olub.

Monteneqronun Baş naziri Miloyko Spajiç yeddi nəfərin ölümü ilə nəticələnən atışmadan sonra ölkədə üç günlük matəm elan edib.

Seçilən
113
13
bakuinfo.net

10Mənbələr