AZ

Qəzadan sağ qurtulan futbolçu həyatda olduğuna sevindi

Dekabrın 31-də xəstəxanadan evə buraxılan ''Vest Hem''in ulduzu Maykl Antonio yeni il ilə bağlı təbrik və arzularını yazıb.

Xatırladaq ki, təcrübəli futbolçu dekabrın 7-də öz ''Ferrari''sini sürərkən idarəetməni itirmiş və ağacla toqquşmuşdu.

''Football-plus.az'' xəbər verir ki, maşına çox ciddi ziyan dəymişdi. Futbolçunun özünün isə ayağı qırılmış və o, vertolyotla Londona çatdırılaraq əməliyyat edilmişdi. Bütün bu müddət ərzində həkimlərin nəzarəti altında müalicə olunan 34 yaşlı futbolçu yeni il ərəfəsində evə buraxıldı. Öz səhifəsində duyğusal bir paylaşım edən Antonio bunları yazıb:

''Hər il bu zamanlar mənə həyatda ən çox nəyə minnətdar olduğumu soruşurdular və mən də cavab verməkdə çətinlik çəkirdim. Amma bu il tam olaraq nəyə minnətdar olduğumu bilirəm: həyatda qalmağıma. İndi anlayıram ki, mən uzun illər həyatı ciddi qəbul etmirmişəm. Hər zaman sabah mütləq həyatda olacağımı düşünərək növbəti günü, hətta növbəti ili planlaşdırırdım. Hətta yaxın dostlarımın ölümünü gördükdən sonra da həyatın nə qədər dəyərli olduğunu tam anlamadım. Amma son yaşadığım hadisə gözlərimi açdı. Həyat çox incədi və hər an çox önəmlidi. Mənə davam etməyə güc və burda olmağa fürsət verdiyi üçün Tanrıya təşəkkür edirəm. Son olaraq bütün futbol dünyasına mənə verdikləri dəstəyə görə minnətdaram. Bu, mənim üçün dünyalara bərabərdi. Hamınızı sevirəm. Yeni iliniz mübarək. Yaşıl meydanlarda görüşənə qədər''.

Antonionun martdan tez meydana çıxacağı gözlənilmir. Bu futbolçunu artıq ''Vest Hem''in əfsanəsi saymaq olar. Çünki o, klubda 11-ci mövsümünü keçirir. Yamaykalı forvard indiyə qədər 322 rəsmi oyunda 83 qol vurub və ''Vest Hem'' tarixinin ən məhsuldar 5-ci futbolçusudu.

ƏLİ
Seçilən
68
football-plus.az

1Mənbələr