Diqqətçəkən məqamlardan biri isə Çeçenistan lideri Ramzan Kadırovla bağlıdı. Təyyarə Çeçenistandakı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğuna görə azərbaycanlılar Kadırova, yumşaq desək, nifrət edir.
Şahin Diniyev isə ayrı-ayrı vaxtlarda Kadırovun himayədarlıq etdiyi "Terek"də (indiki "Axmat") baş və köməkçi məşqçi, baş məşqçi səlahiyyətlərinin icraçısı kimi çalışıb. Görəsən, mütəxəssisi Ramzan Kadırovu necə xatırlayır? Çeçenistan rəhbərinin azərbaycanlılara münasibətin necə olub?
"Football-plus.az" bu suallarla Şahin bəyə müraciət etdi:
"İdman ayrı, siyasət ayrı... Göründüyü kimi, bu, tam siyasi məsələdi, futbola aidiyyatı yoxdu. Bu haqda nəsə demək etik olmaz".
Biz Diniyevdən yuxarıdakı suala konkret cavab ala bilməsək də, qəzaya uğrayan təyyarəni Çeçenistanın hava məkanında istiqamətləndirən dispetçer, "Terek"in sabiq futbolçusu, vaxtilə Şahin bəyin rəhbərliyi altında forma geyən Əli İdrisov haqda fikirlərini öyrəndik.
"Bəzi xəbər saytları yazıb ki, Əli azərbaycanlıdı. Amma belə deyil. O, çeçen idi. Həmin dövrdə Moskvada yaşayırdı. Yarımmüdafiəçi idi. Əsas heyətin üzvü deyildi. Onu əsasən ehtiyat oyunçular skamyasından meydana buraxırdım. Xarakterinə gəlincə, çox yaxşı, sadə, gülərüz və zarafatcıl idi".
KƏNAN BAHADIR