“Qaz qiymətlərində baş verən artım, əvvəlki artımlara nisbətən o qədər də yüksək məbləğlərlə ifadə olunmasa da, ötən dövr ərzində baş verən inflyasiya baxımından kompensasiya kimi dəyərləndirilə bilər. Lakin bu yanaşma bir çox sualları doğurur. Əsas məsələ isə qazın Azərbaycan xalqının sərvəti olması və bu sərvətin Azərbaycan vətəndaşlarına maya dəyərinə uyğun olaraq limitsiz təqdim edilməsinin vacibliyidir”
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.
İqtisadçının sözlərinə görə qazın maya dəyəri onun hasilatı, daşınması və digər xərclərin yekun məbləği ilə müəyyən edilməlidir:
“Hökümət bu qiyməti müəyyənləşdirərək, vətəndaşlara qazı həmin maya dəyərinə təqdim etməlidir. Əgər qaz satışı kommersiya məqsədi ilə həyata keçirilirsə, bu işi dövlət deyil, özəl şirkətlər həyata keçirməlidir. Dövlət isə vətəndaşlara qazı mənfəət məqsədi güdmədən, yalnız maya dəyərinə uyğun olaraq təqdim etməlidir. Azərbaycan hökuməti xarici bazarlara kifayət qədər qaz satır. Məsələn, ötən il Azərbaycan 21 milyard kubmetr qaz ixrac edib. Bu qazdan əldə edilən gəlirin bir hissəsi xalqın rifahı üçün istifadə olunmalıdır. Lakin bu gəlirin Azərbaycan vətəndaşlarına birbaşa təsiri barədə hər hansı məlumat yoxdur. Regiondakı qonşu ölkələrlə müqayisə etdikdə vəziyyət daha aydın olur. Məsələn, İran qazı 4 qəpiyə, Rusiya 13 qəpiyə, Qazaxıstan, Türkmənistan və Özbəkistan isə 8 qəpiyə satır. Azərbaycanda isə bu rəqəm artıq 30 qəpiyə çatıb. Bu, suallar doğurur: Niyə Azərbaycan xalqı öz sərvətinə görə belə yüksək qiymət ödəməlidir?”.
Mehin Mehmanqızı