Bu gün – 5 yanvar Azərbaycanın şəhid Milli Qəhrəmanı, mərhum alay komandiri, Azərbaycan Milli Ordusunun qurucularından biri, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin doğum günüdür. Yaşasaydı, 78 yaşı tamam olacaqdı.
Dünən – yanvarın 4-də şəhid Milli Qəhrəmanın xanımı, Milli Məclisin Xankəndi dairəsindən sabiq deputatı Flora Qasımova Şirin Mirzəyevin silahdaşları – Qarabağ qaziləri ilə birgə işğaldan azad edilmiş Ağdam rayonunun Əlağalı kəndi ilə Ağdərə rayonunun Sırxavənd kəndi arasındakı yolda komandirin avtomobili ilə minaya düşdüyü məkanı ziyarət ediblər.
Bu haqda Moderator.az-a Flora Qasımova məlumat verib.
Tədbir zamanı şəhid Milli Qəhrəmanın xanımı və silahdaşları onun haqqında xatirələrini danışıb, ruhun dualar oxuyublar. Zəruri xatırlatma:
Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taborlarından birini yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.
Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Polkovnik-leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.
Hər il yanvarın 5-də və iyunun 20-də Ş.Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edirlər.
Xatırladaq ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun (Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. red), 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olubdur.
Ölümündən sonra Şirin Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Adına Bakı şəhərində küçə var. Xidmət etdiyi 836-cı hərbi hissənin həyətində abidəsi qoyulmuşdur.
2021-ci ildə Türkiyənin Bursa vilayətində Milli Qəhrəman Şirin Mirzəyevin adını daşıyan park açılıb.
Onu da qeyd edək ki, 5 yanvar eyni zamanda daha iki Milli Qəhrəmanımızın Elgiz Kərimov və Naiq Yusifovun da doğum günüdür.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Həyatda olan qazi, o cümlədən Qəhrəmanlarımızı qorusun!..
Sultan Laçın