İndi geriyə boylanaraq futbol adamlarının ilin 12 ayı ərzində səsləndirdikləri ən maraqlı fikirləri xatırlayaq.
Yanvar
Canluici Buffon, İtaliya yığmasının sabiq qapıçısı:
“Biz bu barədə düşünməliyik. Bu yaxınlarda qohumlarım və həyat yoldaşımla bu haqda danışdım. Qapıların hazırkı ölçüsü 1875-ci ildə müəyyən edilib. Yəqin ki, o dövr üçün qapı böyük idi (qapının eni 7,32, hündürlüyü isə 2,44 metrdi – R.Y.). Ola bilər ki, bu, onda doğru sayılırdı. Amma indi bəzi oyunçuları və qapıçıları görəndə, bu barədə düşünməyə dəyər. Hətta indi voleybolda da torun hündürlüyünün ölçüsü müzakirə edilir. Təbii ki, buna məsul orqanlar qərar verməlidi. Amma qapıçılar indi daha hündürboydular. Sahə oyunçuları daha sürətlidilər. Futbolçuların texnikası getdikcə yaxşılaşır. 30 il əvvəl uzaq məsafədən vurulan 50 zərbədən 10-u qol olurdusa, indi maksimum 3-nün qolla nəticələnməsi mümkündü. Uzaqdan iki metrlik boyu olan qapıçıya qol vurmaq daha çətindi”.
Fevral
Cennifer Ermoso, İspaniyanın qadınlardan ibarət yığmasının hücumçusu:
“Çətinliklə uyğunlaşa biləcəyin dəhşətli məqamda özümü tənha hiss etməmək vacib idi. Minlərlə oyunçudan dəstək almaq doğru yolda olduğunu göstərir. Belə anda istədiyin işi görməkdən daha da həzz alırsan. Bu, mənim üçün çox vacib amil idi. Çünki böyük dəstək almaqla özümü müdafiə olunmuş kimi hiss edirdim. İspaniya məlum hadisəyə dərhal vacib reaksiya verdi (komandanın Avropa çempionatının qalibi kimi mükafatlandırılma mərasimində yerli federasiyanın sabiq prezidenti Luis Rubiales Ermosonu qucaqlayaraq onun dodaqlarından öpmüş və bu hərəkətinə görə istefaya yollanmışdı – R.Y.). Futbolçuların eyni mövqedə olması çox böyük təsir effekti doğurdu. Bu güc, bu birlik və yoldaşlığın nəticəsi bizi və idmanı ləkələyən bəzi hərəkət və davranışların təkrarlanmamalı olduğunu göstərdi”.
Mart
Aurelio De Laurentis, “Napoli”nin prezidenti:
“Futbol xəstədi. Bəs niyə xəstədi? Çünki futbol iqtisadiyyatı xəstədi. Çünki liqa və klublar maliyyə planında rəqabət apara bilmirlər. Nəticədə liqalar kifayət qədər məhsuldar fəaliyyət göstərməyə qadir deyillər. Məsələn, UEFA-nın “biz indi Çempionlar Liqasına 2,4 milyard avro, Avropa Liqasına 500 milyondan çox avro, Konfrans Liqasına 238 milyon avro ayırırıq” deməsini çox yaxşı anlayıram. Amma bütün klublar borc içində olarkən bu pullar kifayət etmir. Bu, qeyri-rasional futboldu. Müasir dövrdə hədən artıq turnir təşkil edilir. Belə vəziyyətdə sanki hər şeyi bir kənara buraxırıq. Nəticədə publikanı cəlb etməməyə başlayırıq”.
Aprel
Lionel Messi, “İnter Mayami”nin hücumçusu:
“Dünya kubokunu qazanmaq özümüz, ailələrimiz və bütün ölkə üçün bir möcüzə idi. Bu hisslər həyatımızın sonuna qədər bizimlə qalacaq. 2022-ci ildə Argentina yığması ilə mundialın qalibi olmasaydıq, yəqin ki, milli komandanı tərk edəcəkdim. Amma şadam ki, bunu bacardıq və Argentinaya daha bir böyük qələbə bəxş etdik. Həmişə özünütənqidə açıq olmuşam. Futbol planında özümün ilk tənqidçisiyəm. Kiminsə meydandakı çıxışımı dəyərləndirməsinə ehtiyacım yoxdu. Oyunum istədiyim kimi alınmayanda buna görə özümə ilk sualı özüm verirəm”.
May
Coui Barton, İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi:
“Mənim üçün Messi adı ilə yanaşı böyük ulduz işarəsi var. Ona görə ki, o, yeniyetmə yaşında boy probleminin həlli üçün steroidlər qəbul edib. Lionel gənc yaşlarında genetik cəhətdən modifikasiya olunub. Bu səbəbdən onu adının yanında böyük ulduz işarəsi qoyulmalıdı. Onun bədəninə boy hormonları yeridilib, argentinalı futbolçu bunların sayəsində hərtərəfli inkişafa nal olub. Lionelin boy atması təbii şəraitdə reallaşsaydı, futbolçu kimi son dərəcədə inkişaf tapmaz və saya-hesaba gəlməyən titul qazana bilməzdi”.
İyun
Mişel Platini, UEFA-nın sabiq prezidenti:
“Çeferin ilə İnfantino (UEFA və FİFA-nın prezidentlərini nəzərdə tutur – R.Y.) heç kimdilər, onlar yalnız pul haqqında düşünürlər. Onlar yeni axmaq Çempionlar Liqası formatını yaratdılar. Növbəti mövsümdən bu turnirdə daha çox matç keçiriləcək. Mən istərdim ki, futbolu futbol təcrübəsi olan adamlar idarə etsin. Yəni oyunu həqiqətən başa düşənlər. Bu gün bu idman sahəsi tarixi olmayan idarəçilərin və taktika ilə məşğul olan məşqçilərin əlindədi. Pianonu Motsarta verdiyimiz kimi, topu da futbolçu uşağa verməliyik. Məşqçilər indi yalnız oxlar və hərəkətlərlə dolu lövhədə sxematik rəsmləri necə çəkməyi bilirlər. Amma futbol bir oyundu, ona görə də qoyun, futbolçular sərbəst oynasınlar”.
İyul
Vyaçeslav Koloskov, Rusiya Futbol İttifaqının fəxri prezidenti:
“İspaniya qitə çempionatında sərgilədiyi oyunla bütün iştirakçılardan fərqlənir. Heç bir komanda İspaniya kimi oynamır. Bu komandanın oyunçuları hücuma və hücumu sona çatdırmağa meyil edirlər. Niyə belə alınır? Ona görə ki, ispaniyalı futbolçuların hamısı yüksək səviyyəli texnikası ilə seçilirlər. İspaniyanın oyunu bir nağıldı. Hərdən mənə elə gəlir ki, ispaniyalılar ayaqlarıyla deyil, əlləri ilə oynayırlar. Əslində hər şey aydındı. Onların meydandakı hərəkətlərində düşünülmədən atılan addım yoxdu. Bir dənə də düşüncəsiz hərəkət yoxdu! Oyunçu topu oyundaşından qəbul etmək üçün meydanda ən doğru mövqeyi seçir. Topun qəbulu isə möcüzəvi andı”.
Avqust
Uli Höness, “Bavariya”nın direktorlar şurasının üzvü:
“Real”ın bizim kimi eyni qayğıları var: hansısa məqamda hər şey sona çatır. UEFA və FİFA-nın bəzi məmurlarının həyata keçirməyi planlaşdırdıqları layihələr ağılsızlıqdı. Gələn ilə təyin olunan Klublararası Dünya Çempionatı növbəti problemləri ortaya çıxaracaq (turnirin yeni formatında 32 komanda mübarizə aparacaq – R.Y.). İdman getdikcə daha pis görkəm alır, futbolçular müasir dövrdə daha çox zədələnirlər”.
Sentyabr
Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu:
“Məşqçi ola bilərəm? Mənim üçün məşqçilik etmək çətin olar, çünki indiki futbolçu nəslinə rəğbət bəsləmirəm. Bu, çətin peşədi, əsasən də futbolda. Çünki indi əksər futbolçular təcrübə üzərində yaranan məsləhətə qulaq asmırlar. Düşünürlər ki, hər şeyi bilirlər. Elə bilirlər ki, telefonlar, sosial şəbəkələr onlara yaxşı təhsil verəcək. Hələ düşünməli olduğum şeylər var. Mənim həyatımın digər hissəsi bizneslə bağlıdı və mən buna heyranam. Bu, mənim üçün sınaq olacaq. Bilmədiyim sahələri araşdıracağam, öz biznesimə daha çox yönələcəyəm. Düşünürəm ki, bu planda hər şey yaxşı olacaq”.
Oktyabr
Pirs Morqan, ingiltərəli jurnalist:
“Ten Haq gülünc vəziyyətə düşmüş məşqçi kimi faydasızdı. Onun başçılıq etdiyi “Mançester Yunayted” mənim azı son 30 ildə gördüyüm ən pis komandadı. Erik... gələn ilin mayını demirəm, sən gələn həftə “Yunayted”də olmayacaqsan”.
Noyabr
Rodri, “Mançester Siti”nin yarmmüdafiəçisi:
“Mükafatın təqdimatı zamanı zaldakıların yarısı “Vinisius, Vinisius!” qışqırırdı. Hər halda tamaşaçılar mənə də böyük hörmət bəsləyirdilər. Çünki daha sonra hamısı ayağa qalxıb məni alqışladılar. “Qızıl top”un mükafatlandırma mərasimi futbolda ən çətin hadisədi. Bu mükafata layiq olub-olmadığımı deyəcək adam mən deyiləm. “Mançester Siti”də keçirdiyim möhtəşəm mövsümə görə 2023-cü ildə onu qazana biləcəyimi düşünürdüm. Amma alınmadı. Məncə, bu il daha yaxşı çıxış etdim. Mən Karvaxalı 2-ci, Vinisiusu 3-cü yerə seçərdim (Rodri jurnalistlər arasında keçirilən sorğuda 1170 səslə 1-ci, “Qızıl top”a əsas namizəd kimi göstərilən futbolçulardan biri olan Vinisius Junior 1129 səslə 2-ci olub. Onun “Real”dan olan oyundaşı Cud Bellingem 917 səslə 3-cü, Rodrinin 2-ci yerə layiq bildiyi Daniel Karvaxal isə 550 səslə 4-cü olub – R.Y.). “Real”ın Naço və Xoselu kimi bəzi keçmiş futbolçuları məni təbrik etdilər. Vinisiusun isə təbrik etməməsi məni incitmədi. Doğrudu, “Real” mükafatın təqdimat mərasiminə gəlmədi. Mən onların etdiklərini etməzdim. Amma indi bu haqda düşünməyin mənası yoxdu”.
Dekabr
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi (jurnalistin “əvvəlki “Siti”ni nə vaxt görəcəyik” sualına cavabı):
“Əvvəlcə mənim oyunçularımı qaytarın. Bir komandada dörd mərkəz müdafiəçisi, iki dayaq yarımmüdafiəçisi və bir vinger olmadıqda və dünyanın ən yaxşı futbolçusu Rodri mövsümün sonuna qədər sıradan çıxdıqda oynamaq çətinləşir. Mənim oyunçularımı qaytarın, söz verirəm ki, onda əvvəlki “Mançester Siti”ni görəcəksiniz. Belə vəziyyətdə komandadan getmək? Son oyunlardakı uğursuzluqlara baxmayaraq, qalmaq istəyirəm! Klubun uğurlarına arxayın olmadığımı hiss etdiyim an bura başqa məşqçi gələcək. Amma vəziyyəti düzəltmək imkanım olduğu halda qaçmaq istəmirəm. Bu gündən başlayaraq mövsümün sonuna kimi komandanı bir çox planda yenidən qurmaq niyyətindəyəm”.
RAMİL YUSİFOV hazırladı