Paytaxtda qaz balonu quraşdırılmış avtomobildə partlayış yenidən bu mövzunu gündəmə gətirib.
Babək prospektində qeydə alınan partlayış avtomobil hərəkətdə olan zaman baş verib. FHN səbəb kimi balonundakı sızıntını göstərib.
Hadisə avtombillərinə qaz balonu quraşdırılmış sürücülər üçün ciddi narahatlıq yaradıb.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirib ki, bu tip maşınlar xüsusi konstruksiya ilə hazırlanır:
“Qəza halları heç bir sahədə istisna deyil. Texniki nasazlıq olduğu halda qəza da qaçılmaz olur.
Azərbaycanda bir sıra hallarda başqa yanacaq növü ilə işləyən maşınlara bəzi konstruksiya dəyişiklikləri olunur və qaz balonları quraşdırılır. Qaz konstruksiyaları daha çox xüsusi lisensiyası olan şirkətlər qoyur. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki pasportuna Dövlət Yol Polisi baxış keçirildikdən sonra daxil edilir. Bir növ, həmin yanacaq növünə keçidə icazə alınır”.
Ekspert qeyd edib ki, belə hadisələrin yeganə səbəbi qaz sızıntısıdır:
“Amma bu zaman o konstruksiyaların yerləşdirilməsi, hansı yerdə qoyulması və bütün texniki göstəricilərə cavab verməsinə diqqət yetirilir. Hər il texniki baxışdan keçərkən, qaz konstruksiyaları da hərtərəfli yoxlanılır. İstisna hallarda qaz sızıntısı ola bilər və partlayış yalnız bu halda baş verər. Ona görə də sürücülərimizin təkcə qaz sızıntısına diqqət etmələri yetərlidir ki, bu hal baş verməsin”.
Nazim Hacıyev
Telegram kanalımız