SOCAR-ın 2008-ci ildən Türkiyənin "Petkim" neft-kimya kompleksinin (əsas payı SOCAR məxsusdur – red.) zavodlarının istehsal davamlılığına əhəmiyyətli investisiyalarının həcmi 2 mlrd. ABŞ dollarına yaxınlaşıb.
"APA-Economics" xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı "SOCAR Türkiye"nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev bildirib.
Onun sözlərinə görə, ötən il qeyd olunan göstərici 134 mln. dollar təşkil edib.
Kənan Mirzəyev onu vurğulayıb ki, 2008-2024-cü illər ərzində SOCAR-ın "Petkim"in zavodlarının istehsal davamlılığına əhəmiyyətli investisiyalarının həcmi 1 923 mln dollar təşkil edib.
Bildirilib ki, Petkim Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 11%-ni qarşılayır.
Qeyd edək ki, SOCAR, 2008-ci ildə “Petkim” səhmlərinin 51%-ni Türkiyə Respublikasının Özəlləşdirmə İdarəsindən 2 mlrd.40 mln.ABŞ dollarına satın alaraq bu ölkədə fəaliyyətə başlayıb.