AZ

Baş icraçı direktor: 2024-cü ildə “Petkim”in istehsal həcmi 2 milyon tona çatıb

İstanbul, 6 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi olan “Petkim” 48 ölkəyə ixracat həyata keçirir və 2024-cü ildə istehsal həcmi 2 milyon tona çatıb. “Petkim Liman” Modernizasiya layihəsinə 70 milyon ABŞ dolları, “Petkim Tullantı Su Qurğusunun İnkişafı” layihəsinə isə 20 milyon dollar sərmayə qoyulub. Qurumun 15 əsas istehsal müəssisəsi 3,6 milyon ton maksimum istehsal gücünə malikdir və burada 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov açıqlayıb.

Bildirilib ki, “Petkim” Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 10,8 faizini qarşılayır. “SOCAR Türkiyə”nin həyata keçirdiyi layihələrlə məşğulluğa verdiyi töhfələrə toxunan baş icraçı direktor burada 2 min 446 nəfərin işlədiyini, podratçılar da daxil olmaqla ümumi işçi qüvvəsinin 5 min nəfərdən artıq olduğunu bildirib.

Qurumun fəaliyyətinin mərhələlərindən danışan Elçin İbadov qeyd edib ki, “Petkim” 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasına seçilib və 2022-ci ilin sonunda 6,5 milyard Türkiyə lirəsi (TL) ilə 58 illik tarixinin xalis mənfəət rekordunu qırıb. 2023-cü ildə “Petkim” TİM-in (Türkiyə İxracatçılar Məclisi) “Ən Yaxşı 1000 İxracatçı” siyahısında 40-cı yeri tutub. Bərpaolunan enerji potensialından səmərəli istifadə məqsədilə 2017-ci ildə 51 meqavat gücündə “Petkim Külək Elektrik Stansiyası” (KES) istifadəyə verilib. “Petkim” 2023-cü ildə Egey Zonası Sənaye Palatasının (EBSO) “100 Ən Böyük Şirkət” siyahısında üçüncü yeri tutub. Egey İxracatçıları Birliklərinin (EIB) “2023 İxracatın ulduzları” siyahısına görə həm ümumi, həm də kimya kateqoriyasında birinci olan “Petkim” İstanbul Sənaye Palatasının (İSO) hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023" siyahısında istehsaldan satışa görə 35,9 milyardlıq satışla 30-cu sırada yer alıb. “Petkim” Türkiyənin ən böyük 500 şirkətinin sıralandığı “FORTUNE 500 Türkiyə 2023” araşdırmasında 36-cı yeri tutub.

Seçilən
42
3
azertag.az

10Mənbələr