AZ

"Kupça" üçün elektron portal niyə hələ də hazır deyil?

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanı ilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması nəzərdə tutulub.

Bəs, hazırda bu sistemin yaradılması ilə bağlı hansı işlər görülüb?

Əmlak Məsələləri Dövlət Xidmətindən “Operativ Media”nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda portalın texniki işlərinə başlanılıb:

“Prezident İlham Əliyevin fərmanına müvafiq olaraq həmin sistemin əsasnamə layihəsi və müəyyən dəyişikliklərlə bağlı paket hazırlanıb. Razılaşdırmaq üçün digər dövlət orqanlarına göndərilib. Onların rəy və təkliflərinə əsasən təkmilləşdirilib. Eyni zamanda, texniki işlərə də başlanılıb.

1920-ci ildən bu yana olan milyonlarla sənəd mövcuddur. Həmin sənədlərin elektronlaşdırma prosesi başlanılıb və rəqəmsallaşdırma işi həyata keçirilir. Bundan əlavə, beynəlxalq təcrübə tam şəkildə öyrənilib. Qonşu Gürcüstanda əldə edilən uğurlu nəticələr təhlil edilib, Avropa ölkələrinin təcrübəsi ilə tanış olunub. Tam müasir dövrün standartlarına cavab verəcək informasiya sisteminin yaradılması üçün işlərə başlanılıb.

Bu sistem yaradıldıqdan sonra vətəndaşın artıq köhnə sənədləri dövlət orqanına gətirməsinə ehtiyac qalmayacaq. Bu sistem vasitəsilə vətəndaş yalnız şəxsiyyət vəsiqəsindəki fin kodunu daxil edəcək və həmin şəxsə hansı ildə hansı sənədin verildiyi sistemdə göstəriləcək. Portal vasitəsilə vətəndaş müraciətini asanlıqla edə biləcək. Vətəndaşın hansısa orqana gedib sənəd almağa və ya digər dövlət orqanlarına müraciət etməsinə ehtiyac qalmayacaq”.

Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bu portal vasitəsilə vətəndaş öz torpağına və ya daşınmaz əmlakına çıxarış ala biləcək:

“Artıq 2025-ci ildən çıxarışla əmlakların təmin olunması üçün yeni elektron portalın istifadəyə verilməsi gözlənilir. Həmin portalda vətəndaş birbaşa portala sənədlərini yerləşdirərək aidiyyəti qurumlara müraciət edərək torpağına və ya daşınmaz əmlakına çıxarış ala biləcək. Vətəndaşların bir qisminin hər hansı sərəncam və qərarları olsa da, digər bir qisminin lazımi sənədləri yoxdur və ya onlar tam deyil. Bir çox insanlar torpaqları etibarnamə yolu ilə alır. Portalın yaradılması və istifadəyə verilməsi sənədsiz əmlakların böyük bir hissəsinin çıxarışla təmin edilməsinə kömək edəcək.

Çünki hazırda Bakı-Abşeron ərazisində 500 min civarında çıxarış ala bilməyən torpaq sahələri və fərdi yaşayış evləri var. Təbii ki, onların bəzilərinin müəyyən sənədləri var, vətəndaş həmin sənədləri yeni yaradılacaq portala yerləşdirməklə öz əmlaklarına çıxarış ala biləcək. Bunun üçün portal yaradılmadan əvvəl müəyyən yoxlama işləri aparılmalıdır. Hansı ərazilərdə nə qədər sənədsiz evlər və torpaq sahələri olduğu öyrənilməli, fərdi yaşayış evlərinin layihələri hazırlanmalıdır. Mövcud vəziyyət araşdırılmalıdır. Bu portalın yaradılması hər halda təqdirəlayiqdir, çünki bu vasitəsilə yüz minlərlə vətəndaş faydalana biləcək. Eyni zamanda, dövlət büdcəsi çıxarışsız əmlaklardan torpaq və əmlak vergisi toplaya bilmir. Bu tip əmlaklar sığortalana bilmir və başqa faydalardan yararlana bilmir. Buna görə də portalın istifadəyə verilməsi sənədsiz evlərin çıxarışla təmin olunmasına səbəb olacaq”.

Seçilən
27
operativmedia.az

1Mənbələr