AZ

Qarabağda münaqişə İrəvandan qaynaqlanıb - Qasım Hacıyev

Yazını böyüt
Yazını kiçilt

“Ter-Petrosyan, Koçaryan, Sarkisyan üçlüyü eyni mənsəbə qulluq edib, eyni mahiyyətə malik olublar. Azərbaycanlılara qarşı əsassız ərazi iddiaları, yüzlərlə, minlərlə insanımızın erməni-faşist ideologiyası üzündən əziyyət çəkməsi, deportasiyalar, qırğınlar - bunların fəaliyyəti danılmaz faktlarla sübut olunur. Erməni cinayətləri, işğalı üzündən Azərbaycan torpaqları 30 il işğalda qaldı, maddi-mədəni abidələri dağıdıldı, məhv edildi. Bu gün də həmin erməni cinayətlərinin fəsadları ortadadır”.

Bunu hafta.az-a tarixçi alim Qasım Hacıyev Ermənistanın keçmiş prezidenti Ter-Petrosyanın cinayətlərini etiraf etdiyi çıxışı ilə bağlı açıqlamasında bildirib.

Q.Hacıyev tarix boyu Azərbaycana qarşı yürüdülən erməni düşmənçiliyinin arxasında böyük hərbi, dövləti cinayətlərin olduğunu və onun kökündə Qafqazda yaradılan erməni separatizminin dayandığını qeyd edib. Tarixçi alim bəyan edib ki, bu faktlar əsasında petrosyanların cinayətləri sübut olunmalı və beynəlxalq məhkəmələrdə bəyan edilməlidir. 20-ci əsrin sonlarında ermənizmlə faşizmi eyniləşdirən bu canilər öz cəzasını almalıdır.

Q.Hacıyev Ter-Petrosyan və onun davamçılarının həyat və fəaliyyətinin mənşəyinə diqqət çəkib. Ter Petrosyanın Suriya mənşəli erməni olduğunu deyib. Onun İrəvanda - Qərbi Azərbaycanda, indiki Ermənistan ərazilərində, eləcə də  Qarabağda hadisələr başlayan andan məqalələr, əsərlərlə faşist ideologiyası üzərində Miatsum təşkilatının yaradılması və Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi uğrunda böyük planlı işlərin daha geniş vüsət aldığı dövrə təsadüf etdiyini qeyd edib.

Q.Hacıyev bildirib ki, Ter-Petrosyanın özünün yaratdığı "Yerkrapa" dəstəsinin qarşısındakı çıxışı aydın, səlist faktlarla təsdiq edir ki, Azərbaycana qarşı cinayətləri təşkil edən, faşist ideologiyası ilə çıxış edən Ermənistan və onun dövlət başçıları olmuşdur.

“Nəhayət, torpaq iddiaları, faşist ideologiyası ilə yoğrulan erməni separatizmi 1987-ci ildə Zvartnos təyyarə meydanında başlayan nümayişləri sonra Qarabağ ərazisinə keçirdi. 1988-89-cu illərdə vəziyyəti ölkəmizin içərilərinə qədər gərginləşdirdilər. 1991-92-ci illərdə hərbi hücumlarla Qarabağın böyük bir ərazisini işğal etdilər. Bütün bu faşist ideologiyası və işğalların arxasında dövlət başçısı olaraq Levon Ter-Petrosyan dayanırdı. O ölkənin gizli yolla silahlandırılması, Azərbaycana qarşı münaqişənin qızışdırılması, hərbi tədbirlərin planlaşdırılması və həyata keçirilməsində geniş şəkildə iştirak elədi. Fakt odur ki, müxtəlif danışıqlarda, beynəlxalq görüşlərdə özünü demokratik göstərməyə çalışan Ter-Petrosyan son dövrlərdəki çıxışlarını etmədi. Çünki özünü demokratik dövlət başçısı kimi göstərməyə çalışırdı”.

Tarixçi alim, bir müddət hətta silahı yerə qoymaları üçün Ter-Petrosyana olunan “azərbaycanlıların sırf yaşadığı ətraf əraziləri azad edib Dağlıq Qarabağda əlinizdə olan əraziləri özünüzdə saxlaya bilərsiz” müraciətini xatırladıb.  Tarixçi alim Petrosyanın bu təkliflə belə razılaşmadığını qeyd edərək, bunun arxasında daha böyük iddiaların dayandığının üzə çıxdığını vurğulayıb.

“İçərilərində alimlər, şairlər, yazıçılar olan erməni ideloqları bununla da razılaşmadılar. Bunlar tələb edirdilər ki, Azərbaycanın Şuşa, Laçın və digər ərazilərini işğalda saxlamalıdılar. Hətta belə bir xüsusda aparılan dialoqlarda Petrosyan özünə “demokratik” düşüncəli, ədalətli dövlət başçısı imici yaratmaq üçün guya 500 erməninin bu müraciətinə etiraz elədi. Ona qarşı nümayiş edib hakimiyyətdən salanda Petrosyan “demokrat”, “ədalətli” dövlət başçısı olduğunun göstərişini edib guya prinsipial dövlət xadimi rolunda qəbul edilmədiyinə görə hakimiyyətdən göndərilməsini də müsbət mənada şərh eləməyə başladı. Guya o qədər demokrat imiş ki, səhv yolda olanların fikri ilə razılaşmayıb hakimiyyətdən getdi. Əslində isə belə deyildi və bu, erməni blogerin aşkar elədiyi sənədlərdə bir daha sübut olunur.

Erməni blogerin yaydığı məlum videodan bəlli olur ki, hadisələrin gərginləşməsi, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını qanuni şəkilə salmaq üçün cəhdlərin edilməsi, hətta 1991-ci ildə “Dağlıq Qarabağ respublikası” adlı qurumun elan olunması Levan Ter-Petrosyanın dövründə daha geniş vüsət aldı. Yeni ortaya çıxan videoya bunun əksini göstərən məna vermək mümkün deyil. Çünki ermənilər o vaxtlar deyirdilər ki, Ermənistan bu müharibədə iştirak etmir, tərəf deyil. Müharibədə tərəf “Dağlıq Qarabağ respublikası”nın hərbi qüvvələri ilə Azərbaycan hərbi qüvvələridir. Ermənilər deyirdilər ki, biz bu hadisədə məsləhətlər, təkliflər verir, təəssükeşlik edib ermənilərin hüquqlarının qorunmasını beynəlxalq hüquqda demokratik, diplomatik yolla tələb edirik. Bu gün Ter-Petrosyanın ortaya çıxan məlum çıxışı bir daha bu deyilənlərin tamam əksi olduğunu, onların mahiyyətinin, gördüyü cinayətlərinin ortaya çıxdığını təsdiq edir. Bu münaqişənin haradan qızışdırılması, haradan müharibəyə çevrilməsi, hansı ərazilərin necə tutulması, ermənilərin o ərazilərə necə köçülməsi faktlarla bir daha təsdiq olunur”.

Seçilən
41
hafta.az

1Mənbələr