Bakı, 7 yanvar, AZƏRTAC
ABŞ-ın Milli Sağlamlıq İnstitutunun (NIH) apardığı tədqiqat malyariya parazitinin əvvəllər hədəf alınmamış hissəsinə bağlanan yeni bir anticisim sinfini aşkara çıxarıb. Bu kəşf malyariyaya qarşı monoklonal anticisimlər və yeni nəsil peyvəndlərin inkişafında mühüm rol oynaya bilər.
AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, malyariya, plasmodium parazitlərinin yaratdığı və yoluxmuş ağcaqanadların dişləməsi ilə yayılan həyati təhlükəli xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü il məlumatlarına görə, dünyada 263 milyon malyariya hadisəsi qeydə alınıb və bu xəstəlik 597 min insanın ölümünə səbəb olub. Xüsusilə, Afrikada uşaqlar arasında yüksək ölüm nisbətinə görə, malyariyanın qarşısının alınması qlobal səhiyyə üçün prioritet olaraq qalır.
Son illərdə malyariyaya qarşı yeni müdaxilələr, o cümlədən uşaqlar üçün peyvəndlər mühüm irəliləyişlər kimi qiymətləndirilir. Hazırda sınaqdan keçirilən antimalyariya monoklonal anticisimlər (mAbs) həm böyüklərdə, həm də uşaqlarda təhlükəsiz və effektiv olub. Bu mAbs-lar, xüsusilə “P. falciparum sporozoitləri”ni - parazitin ağcaqanadlardan insanlara keçən mərhələsini - hədəf alaraq onların qaraciyəri yoluxdurmasının qarşısını alır. NIH-nin Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun alimlərinin rəhbərliyi ilə aparılan tədqiqat yeni mAbs-ların sporozoit səthində əvvəllər məlum olmayan epitopları hədəf alması üçün yenilikçi yanaşma tətbiq edib. Tədqiqat zamanı “MAD21-101” adlı bir mAb-nin, P. falciparum infeksiyasına qarşı siçan modellərində yüksək effektivlik nümayiş etdirdiyi aşkarlanıb. Bu anticisim, parazitin PfCSP zülalında qorunan və mərkəzi təkrar bölgədən kənarda yerləşən epitopa bağlanır.
Tədqiqatçılar, epitopun yalnız sporozoitin müəyyən bir inkişaf mərhələsindən sonra əlçatan olduğunu, lakin səthdə geniş yayıldığını müəyyən ediblər. Bu xüsusiyyət, pGlu-CSP epitopunu hədəf alan antikorların peyvənddə istifadə olunacağı təqdirdə təsirli immun cavabı yarada biləcəyini göstərir.
Qeyd etmək lazımdır ki, pGlu-CSP hazırda istifadə olunan peyvəndlərə daxil edilməyib. Bu, yeni anticisim sinfinin mövcud peyvəndlərlə birgə tətbiq edildikdə onların effektivliyinə mane olmayacağını göstərir. Beləliklə, yeni anticisim sinfi gələcəkdə peyvənd olunacaq risk altında olan körpələrdə malyariyanın qarşısını almaq üçün uyğun hesab edilə bilər. Tədqiqatçılar yeni epitop və anticisimlərin fəaliyyətini daha dərindən araşdırmağın vacibliyini vurğulayırlar. Bundan əlavə, bu yanaşma, yalnız malyariyaya deyil, digər patogenlərə qarşı da yeni nəsil əks tədbirlərin inkişafına töhfə verə bilər. Bu araşdırma malyariyanın profilaktikası sahəsində yeni strategiyaların inkişafına mühüm təsir göstərəcək və xəstəliyə qarşı effektiv mübarizə yollarının yaradılmasına imkan verəcək.