Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək üçün xaricdən dəstək axtardıqları üçün Cənubi Qafqaz geosiyasi təsir uğrunda döyüş meydanı olaraq qalacaq.
Modern.az xəbər verir ki. bu barədə nüfuzlu “Stratfor” jurnalı yazır.
Bildirilir ki, Ermənistan və Azərbaycan çox güman ki, sülh sazişinə doğru irəliləməyə davam edəcəklər, lakin İrəvanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam demarkasiyası və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları çox güman ki, 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq.
Jurnalın analitikləri hesab edirlər ki, sülh müqaviləsi imzalanana qədər regionda müharibə təhlükəsi davam edəcək.
Eyni zamanda, Azərbaycan və Ermənistanın Moskvaya qarşı açıq düşmənçilikdən çəkinəcəkləri də vurğulanıb.
“Stratfor” yazır ki, Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirinə qarşı tarazlıq kimi Bakı ilə güclü münasibətləri prioritet hesab etdiyindən Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq.
“Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa İttifaqı ilə ticarətin artırılmasına can atacaq”, - jurnal qeyd edib.
Bildirilib ki, Ermənistan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək, sülh danışıqlarında Bakının ən sərt tələblərinə, yəni Ermənistanın cənubundan tranzitin keçməsinə qarşı çıxmağa çalışacaq.