AZ

Ən cavan “Ağsaqqal”...

Necə də gözəldir insanlar tərəfindən sevilmək…

Dərin rəğbət hissi ilə anılıb, duyğulu və kövrək xatirələrlə son mənzilə yola salınmaq…

İnsanların üzündə təbəssüm yaratmağı bacarıb, vəfatından sonra xoş xatirələrlə gözlərdə yaş yaradan sözlərin sahibi olmaq… 

40 yaşında dünyadan köçən ən cavan "ağsaqqalımız" üçün deyilir bu sözlər hər gün.

1985-ci il 3 iyulda dünyaya gələn Azər Baxşəliyev Beynəlxalq Universitetin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirmişdi. O, insanların üzünü güldürməyi bacarır, onlara sevinc hissləri bəxş edə bilirdi. Bəlkə də elə buna görə idi aktyorluq sənətini ona sevdirən…  

Beləliklə, bir çox komediya filmlərində - “Ay brilliant”, “Axırıncı yol”, “Stalinin başı”, “Palata 106”, “ Bir xalanın sirri”ndə rol alsa da, hərkəs onu “Bozbaş Pictures” dəki “Ağsaqqal” obrazı ilə sevdi. 

Son günlər sosial şəbəkələrdə yayılan dostlarının paylaşımları, onun haqqında dedikləri isə bunu göstərir ki, o heç də ən gənc yaşda dünyadan köçən "ağsaqqal" deyildi. 40 yaşı olacaqdı. Amma o, düşüncələri, öyüd nəsihəti ilə dostlarına ağsaqqallıq etməyi bacarırdı. Bəlkə də buna görə idi “Bozbaş Pictures”də də ən yaşlı rola seçilməyi. Çünki bu obrazı ən gözəl o bacara bilərdi və belə də oldu…

Onun ağsaqqallığı 2011-ci ildə hələ 26 yaşında ikən, ömrünün gənclik illərində başladı. Qısa zaman ərzində “Ağsaqqal” kimi  sevilən Azər üçün ömrün bütün çağları sanki yaşadığı bu 40 ilə toplandı. 

Sevənləri onun sağlamlığı haqqında xoş xəbər eşitmək üçün günlərdir möcüzə gözləyirdi. Hərkəs onun gözlərini açıb yenidən kamera önünə keçməsini, insanların üzündə gülüş yaratmağı üçün dua edirdi. Lakin bu möcüzə baş vermədi. O, yanvarın 5-i vəfat etdi.

Ağrılarını izləyicilərindən gizlətməyə çalışan Azər həyatın ona gətirdiyi çətinliklərə, pis günlərə baxmayaraq üzündəki təbəssümlə mübarizəsini davam etdirdi. Son olaraq "Xəzər" telekanalında Nicat Rəhimovla "Zarafat bir yana" verilişinin aparıcılığını edən Azərin xəstəliyi üzündən bəlli olsa da, o daim gülür, yenə də yumoruna sarılıb həyata tutunmağa çalışdı. Elə bütün bu səbəblərə görə indi hərkəs onu gülərüz xatırlayır.

Azər haqqında bütün bu deyilənlərlə isə onun həyatı bu gün hər kəs üçün inadkarlığın, dostluğun, sevginin, əzmin, gücün, dözümlülüyün və insanlara sevinc bəxş etməyin simvoluna çevrildi.

Fidan Eldarova

Seçilən
2
modern.az

1Mənbələr