AZ

“Onun ən böyük arzusu Qarabağı azad görmək idi” 

Bu gün şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür. Aprel döyüşlərinin qəhrəman iştirakçılarından, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu olan polkovnik-leytenant Rəşad Atakişiyev 2019-cu ilin 24 iyul tarixində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirərkən qəzaya uğrayaraq şəhid olub. 

O, 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Qılıncbəyli) kəndində anadan olub. 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində "Uçuş Mühəndisi" ixtisası üzrə təhsil alıb. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. 

Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. Pilot kimi fəaliyyətə başlayan Rəşad əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 

Yenisabah.az 39-cu doğum günündə ailəsi və həmkarları ilə birlikdə şəhidin məzarını ziyarət edib. Rəşad Atakişiyevin xanımı Könül Atakişiyeva mərhum həyat yoldaşı ilə bağlı xatirələrini bizimlə bölüşüb:

“Rəşadla keçirdiyim 8 il, ömrümün ən xoşbəxt illəri idi. Çünki o, nəinki Azərbaycan xalqının layiqli, peşəkar və şücaəti ilə seçilən bir hərbçisi, eyni zamanda öz həyat yoldaşına, övladlarına arxa-dayaq olan bir ailə başçısı idi. Bu illər ərzində mən onu sadəcə ən yaxşı xatirələrlə xatırlayıram. Rəşad övladlarını dəlicəsinə sevən bir ata idi. İşinin çoxluğuna, gərgin olmasına baxmayaraq, o, yuxusuna haram qatıb 1 saat vaxtını belə övladları ilə keçirirdi. Rəşadın hər zaman arzusu 2 övladımızın ən yaxşı ali təhsil ocaqlarında təhsil alması idi. O, hər zaman yarımçıq arzu kimi özündə daşıdığı həkim peşəsini övladlarında görmək istəyirdi. 

Rəşad çox istəyirdi ki, böyük oğlumuz Turqut həkim olsun. Kiçik oğlumuz Qabil isə bu günə kimi atasının həlak olduğunu bilmir. O, həmin vaxt çox kiçik idi. 

İndi də sanki o, hiss edir ki, bu mövzu bizim yaralı yerimizdir və ona toxunmur. Turqut isə həmin acı günlərdə mənimlə birlikdə dərin sarsıntı keçirdi. Oğlum öz atasını hər zaman bir qəhrəman kimi xatırlayır. Təhsillərində olduqca uğurludurlar və mən də əlimdən gələni əsirgəmirəm ki Rəşadın arzuları yaşasın. Övladları da ataları kimi vətənə, millətə öz xidmətlərini göstərsin. 

Rəşad istəyirdi və həmişə mənə bildirirdi ki, kariyerasını mülki aviasiya sahəsində davam etdirmək istəyir. Amma mən hər zaman deyirdim ki, sən bu işini davam etdirməli və general rütbəsinə kimi qalxmalısan. Onun ən öndə arzusu isə Qarabağı azad görmək idi. Bu gün torpaqlarımız azaddır və Rəşadın ruhu şaddır!”

Şəhid pilotun anası Tatyana Atakişiyeva oğlunun öz peşəsi ilə hər zaman qürur duyduğunu xatırladıb:

“Rəşadın uşaqlığı çox sakit keçib. Ağıllı və səmimi bir uşaq idi. Böyüyüb məktəbi bitirdikdə ilk öncə həkim olmaq istəyirdi. Lakin həyat elə gətirdi ki, o hərbi təyyarəçi peşəsini seçdi. Ancaq o, bu peşəni həddən artıq çox istəyirdi. Özü öz peşəsi ilə qürur duyurdu. Övladlarına, ailəsinə qarşı məhəbbəti çox güclü idi. Tale elə gətirdi ki, Rəşad şəhidlik zirvəsinə ucaldı. Rəşadın vətən, millət, torpaq sevgisi hər şeydən üstün idi. O, hər zaman hərbi formasını geyinəndə qürur duyurdu”.

Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli kürəkəni ilə bağlı keçmiş təəssüratlarını yada salıb:

“Rəşad çox intellektual bir oğlan idi. Mütaliəni çox sevirdi. Bir dəfə biz bağda istirahət edərkən, gördüm ki, kitab oxuyur. Mən soruşanda dedi ki, bu kitab “Boinq” təyyarələrinin quruluşu və hazırlanması ilə bağlıdır. Dedim ki, sən “Boinq” sürmək istəyirsən? Cavabında bildirdi ki, biz onsuz da hərbçi peşəsini başa vurduqdan sonra ya helikopter sürəcəyik, ya da mülki təyyarə idarə edəcəyik. Bu da onun bir arzusu idi. Rəşad təkcə öz sahəsi ilə bağlı deyil, bir çox başqa mövzularda da mütaliə etməyi sevirdi. Allah sanki onu hərtərəfli yetişdirmişdi”.

Nazim Hacıyev

 


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr