Aşotyan xatırladıb ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi otuz il ərzində aparılıb və Ermənistanın üç sabiq prezidenti tərəfindən formalaşdırılan mərhələlərdən keçib. O vurğulayıb ki, danışıqların əsasını təşkil edən və "Madrid prinsipləri" kimi tanınan sənədlər Robert Köçəryandan Serj Sarkisyana ötürülüb. Sarkisyan həmin prinsipləri o zamankı xarici işlər naziri Edvard Nalbandyanla birlikdə "Əsas Prinsiplər" formatına transformasiya edib.
Aşotyanın sözlərinə görə, 2008-2018-ci illər arasında Ermənistan bu sənədlərdə mühüm dəyişikliklərə nail olub. Bunlara "Dağlıq Qarabağ" (kursiv bizimdir) xalqının öz müqəddəratını təyin etmə hüququnun tanınması və regionun aralıq statusunun təsbit edilməsi ilə bağlı müddəalar daxildir. Bu yeniliklər Rusiya, ABŞ və Fransa prezidentlərinin beş üçtərəfli bəyanatı, Ermənistanın Aİ ilə razılaşmaları və digər beynəlxalq sənədlər daxil olmaqla çoxsaylı beynəlxalq bəyanatların əsasını təşkil edib.
Aşotyan qeyd edib ki, danışıqlar prosesinə yanaşmalardakı fərqlərə baxmayaraq, Ermənistanın üç sabiq prezidenti ATƏT-in Minsk Qrupunu vahid danışıqlar formatı kimi qoruyub saxlayıb. Lakin onun fikrincə, 2018-ci ildə hakimiyyətə gələn Paşinyan danışıqlar paketinin həm məzmununu, həm də formatını məhv edib.
O, həmçinin Paşinyanın bunu 2020-ci ilin yanvarında keçirdiyi mətbuat konfransında Serj Sarkisyan tərəfindən qoyulmuş danışıqlar bəndlərinə istinad edərək dolayısı ilə etiraf etdiyini xatırladıb. Aşotyan vurğulayıb ki, Paşinyan hökumətinin Qarabağa dair siyasəti ərazilərin itirilməsi ilə nəticələnib və Ermənistanı həssas vəziyyətə salıb.
"Paşinyan yalnız bütün diplomatik nailiyyətləri məhv etməklə qalmayıb, həm də öz əməllərinin məsuliyyətini dərk etmədən Ermənistana böyük zərər vurub", - deyə Aşotyan fikrini yekunlaşdırıb.