AZ

Ter-Petrosyanın etirafı: Ermənistana havadarlıq edən dövlətlərin İFŞASI

Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” könüllülər birliyinin toplantısında çıxışının videoyazısı yayılıb. Videoda sabiq prezidentin azərbaycanlılara qarşı açıq düşmənliyi özünü göstərir.

Petrosyan 1988-ci ildən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini etiraf edir, bildirir ki, 5 il əvvəl (çıxış 1993-cü ildə edilib) biz bu hərəkata başlamasaydıq, ümumiyyətlə Qarabağ məsələsi olmayacaqdı.

Petrosyan deyir ki, biz 3 məsələni həll etdik: 1. 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik - bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini erməni xalqı bundan sonra 600 il hiss edəcəklər.

O, 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladaraq bildirir ki, təsəvvür edin, indi onlar Ermənistandadır:

“Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik – milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ”.

Mövzu ilə bağlı Modern.az-a danışan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, 1987-1991-ci illər üçün Qərbi Azərbaycandan 300 mindən artıq soydaşımızın etnik təmizləməyə məruz qalması hər kəsə məlumdur:

“İnsanlarımızın qovulması yetməzmiş kimi, həmin zamanlarda 300-ə yaxın insanımız da qətlə yetirilib. O zamandan bu hadisələrlə bağlı cinayət işi açılıb. Levon Ter-Petrosyanın etirafı isə həmin cinayət işi ilə bağlı çox böyük faktdır. Bütün cinayət işlərində şahidlər, hadisəni görənlər dindirilir. Amma dövrün prezidentinin, erməni hərəkatının rəhbərinin, hadisə ilə birbaşa əlaqəsi olan şəxsin bunu etiraf etməsinin çox ağır siyasi, hüquqi yükü var. Onun hər bir cümləsi açılan cinayət işində qeyd ediləcək. İstintaq bitəndən sonra sənədlər beynəlxalq məhkəməyə göndəriləcək. Ona görə də Ter-Petrosyanın detallı etirafları böyük əhəmiyyətə malikdir. Ter-Petrosyanı Ermənistan Prezidentləri arasında loyal biri kimi qəbul edirdilər. Onların loyalı belədirsə, qeyri loyalı necədir?! O özü etiraf edir ki, Qarabağı aldıqdan sonra prosesi illərlə dondurub saxlayacaqdıq. Elə ATƏT-i Minsk qrupu da illərlə onların bu əməlini yerinə yetirməsinə göz yumdu. Ona görə də bu gün Prezidentimiz haqlı olaraq ATƏT-in Minsk qrupunun ləğvini tələb edir”.

Millət vəkili qeyd edib ki, tarixən erməni və fransız knyazlıqları qohum olublar:

“2 milyonluq erməni xalqı özbaşınamı torpaqlarımızı əlimizdən aldı?! Fransa tarixən ermənilərin əməllərini çox yaxşı bilir. Ter-Petrosyanın etirafı Ermənistana havadarlıq edən dövlətlərin də ifşası deməkdir. O etiraf edir ki, azərbaycanlılar çoxluq təşkil etdiyi üçün həmin torpaqlardan onları qovublar. Yoxsa Ermənistan dövlətinin qurulması mümkün olmayacaqdı. O etnik təmizləməni dili ilə etiraf edir. O öz xalqını da əməlləri üçün istifadə etdiklərini bildirir. Qeyd edir ki, Bakıdan ermənilərin qovulmasını özümüz dəstəkləyiblər”.

Seçilən
25
modern.az

1Mənbələr