2023-cü il aprelin 13-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə könüllü gələn Bakı şəhər sakini 42 yaşlı İsrafil Yusifov arvadı Aygün Yusifovanı öldürməsi barədə məlumat verib.
Publika.az xəbər verir ki, hadisə 5-ci Binəqədi küçəsi, 2 ünvanında yerləşən "Stil Beauty" gözəllik salonunda baş verib. Giriş qapısının qarşısında, döşəmədə qadın meyiti aşkar edilib.
Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aygün Yusifovanın ölümünə ürəyi, hər iki ağciyəri və sol böyrəyi zədələyən çoxsaylı yaralar nəticəsində inkişaf etmiş massiv daxili və xarici qanitirmə səbəb olub.
İstintaqla müəyyən edilib ki, 2023-cü il martın 27-də İsrafil və Aygün Yusifovların aralarında bağlanmış nikah pozulub. Məhkəmə 17, 15 və 7 yaşlı övladlarının analarının yanında qalması və İsrafil Yusifovun Aygün Yusifovaya aliment verməsi haqda qərar qəbul edib.
Aprelin 5-də əməkhaqqı ödənişi kartına 529 manat pul köçdüyünü, həmin məbləğin 300 manatını yalnız Lənkəran şəhərində müvəqqəti yaşadığı evin kirayəsinə ödəməli olduğunu və yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyəni görən İsrafil Aygünə zəng edib, özündə qalan pul vəsaiti ilə dolana bilməyəcəyini deyib. Bakıda yaşadıqları evin 1-ci mərtəbəsinin kirayəsindən aldığı 250 manat pulu ona göndərməsini tələb etdikdə keçmiş arvadı buna etiraz edib.
Bundan əsəbiləşən İsrafil Aygünü tamah niyyəti ilə öldürmək qərarına gəlib. Bu məqsədlə aprelin 13-də səhər Bakıya gələrək məişət təyinatlı bıçaq alıb və saat 11:30-da 5-ci Binəqədi küçəsi, 2 ünvanında "Stil beauty" gözəllik salonuna gedib. Orada işləyən Aygünlə mübahisə edib. Sonra cibindən bıçağı çıxarıb, ona xəsarətlər yetirib. Qadın yerdə sürünərək ondan uzaqlaşmağa çalışsa da, aman diləməsinə məhəl qoymayıb, müstəsna dərəcədə rəhmsizliklə ümumilikdə bədəninə 8 dəfə zərbə endirib. Axırıncı zərbəni Aygünün ürəyinə vurub, bıçağı həmin nahiyədə sancılmış vəziyyətdə saxlayaraq hadisə yerindən uzaqlaşıb.