AZ

QAPI: bir az tarixi, bir az filoloji, bir də həyati… ƏKBƏR QOŞALI YAZIR

1. Fəlsəfi və simvolik anlamlar

"Qapılar
açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına"... (Əli Kərim)

Hər gün qapılar açılır, hər gün qapılar örtülür. Həyat bu keçidlər üzərində qurulu...
Qapının anlamları təkcə fiziki deyil, həm də məcazi qatlarda gizli... Qapının önünə xəyal qoyun, eşq nəqş edin, irfan yaraşdırın, görün ki o, özündən necə üstün olur...

2. Tarixilik və dilçilik

Qədim türk dilində "kapığ" kimi səslənən "qapı" sözü, yüzillərin süzgəcindən keçib bizə çatdı.
Göytürk yazılarında həm fiziki, həm də simvolik anlam daşıyan bu söz, mədəniyyətlərin yaddaşında iz buraxdı.
Bir müddət sonra, bu söz, öz deyiliş şəklini yavaş-yavaş itirməyə başlamış olsa da, fərqli fonoformalar alaraq çağdaş türkcələrdə hələ də yaşayır.
Kaşğarlı Mahmud dədəmizin sözlüyündə "kapuğ"a dönən bu qavram - çağdaş Macarıstanda "kapu", Anadoluda, Balkanlarda "kapı", Türkmənistanda "gapy", bizdə isə "qapı" şəklində yazılmağa, səsləndirilməyə davam edir. 
Bizim türkcədə isə "qapı" və "qabıq" olaraq iki dəyişik forma və məzmunda işlədilir. 
Qazax, qırğız, özbək, uyğur, tatar, başqurdca... isə necə deyərlər, qapının söz olaraq özü yox, ən yaxın, ən doğma məzmunu işləkdir: "eşik". Bizdə necə "evim-eşiyim" deyirlər, bax onun kimi... Evdən çıxdınsa eşikdir, amma ev ilə eşik birlikdə bir bütövdür, tamdır. 

3. Simvolik keçidlər, tarixi yönlər

Göytürk yazılarında "kapığ" yalnız fiziki giriş yeri deyil, həm də şəhərin və ya dövlətin inzibati mərkəzlərinə aid bir simvol idi. Bu, qapının həm maddi, həm də simvolik anlamını göstərir. 

Göytürk yazılarında "kapığ" yalnız fiziki giriş yeri deyil, həm də şəhərin və ya dövlətin inzibati mərkəzlərinə aid bir simvol idi.
Bu məqamda qapıdan qapıya keçmiş olaq:
Dəmirqapı Dərbənddən tutmuş, çalınmış Gəncə qapılarından keçmiş, qarşısında Sisianovun kəlləsi kəsilmiş Bakının Qoşaqala qapısınadək, tarix qapılarda gizlidir...
Bəs Naxçıvan, Başkeçid, İrəvan, Ərdəbil, Təbriz, Kərkük, Hələb, Bayır-Bucaq adlarının yanıbaşındakı qapı məzmunları bir bütövün parçalarını ifadə etmirmi?..

4. İnsanın içəri qapıları

Ariflər deyir, ən ağır qapılar insanın öz içindəki qapılardır - pas atmış anıların ağırlığı altında "gizlənən" qapılar.
Bu qapıları açmaq üçün bəzən uzun illərə ehtiyac duyulur. Könül deyir, nə ola, o uzun illər keçmiş ola...
Ariflər onu da deyir ki, vardır, əfəndim - hər qapının illa bir açarı vardır.

Deyiliş, yazılış şəkli dəyişsə də, mahiyyət dəyişmədi: qapı həmişə bir keçid, bir bağlayıcı oldu.

Yunus Əmrə necə deyirdi? -
Dirildik pınar olduq, irildik irmak olduq,
Axdıq dənizə daldıq, daşdıq əlhəmdülillah.
Taptuğun tapusunda, qul olduq kapusunda,
Yunus miskin çiy idik, bişdik əlhəmdülillah.

5. Uşaqlıq dönəmi və həyat yaddaşı

Biz uşaqkən evimizin qapısından içəri girən hər kəs sanki özü ilə yeni bir aləm gətirirdi.
Biz uşaqkən qapımız hüzur idi, sevinc idi. Amma o qapının bağlanması heç vaxt kədər yaratmırdı; çünki hər bağlanış yeni bir başlanğıca hazırlıq idi...

6. Könül və mədəniyyət qapıları

İnsan könlü də bir qapıdır. Bəzən sevgi dolu, bəzən kədər... Onu açmaq cəsarət istər. Həyatda, bəlkə də, ən çətin şey ürəyin qapılarını birinə açmaqdır...

"Qapı" sözü və onun dəyişiklikləri təkcə dilin deyil, həm də mədəniyyətin bir dəyişim tarixidir.
Mədəniyyət özü bir qapıdır. Kitablar, rəsm əsərləri, musiqi - bunlar hamısı keçmişdən gələcəyə keçirən qapılar deyilmi?.. Onlardan keçərək başqalarının düşüncələrinə və hisslərinə toxunuruq. Bizə bəlli olmayan dünyalara, başqalarının xəyal gücünə yol tapırıq...

7. Qapının dərin anlamı

Hər qapının bir övgüsü və öyküsü vardır. İnsanın özünü, çevrəsini qorumaq, fərqlilikləri ayırmaq və eyni zamanda birləşdirmək ehtiyacı nə qədər çoxdursa, övgü və öykü də o qədər çoxdur.
Məcazi və fiziki baxımdan insanoğlunun həyatında əvəzsiz bir simvol və funksiya olan qapı mövcud olmasaydı, onu yenidən yaratmaq lazım gələcəkdi.

İnsan təbiəti yeni aləmləri kəşf etməyə və özünü yeniləməyə meyillidir.
Doxsan doqquz bağlı qapı varsa, mütləq bir açıq qapı vardır - bu, insanoğlunun inancını, fitrətini göstərirr...

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
3
olaylar.az

4Mənbələr