Yanvarın 1-də Nevada ştatının Las-Veqas şəhərində yerləşən və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məxsus "Trump International" hotelinin girişi yaxınlığında "Tesla Cybertruck" elektrik yük maşınının partladılmasında şübhəli bilinən şəxs cinayəti planlaşdırarkən "ChatGPT" generativ süni intellektdən istifadə edib.
Modern.az-ın məlumatına görə, bu barədə şəhər polisinin şerifi Kevin Makmahill mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu, ABŞ-da "ChatGPT"dən istifadə etməklə törədilən ilk məlum hadisədir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətdə şübhəli bilinən Metyu Livelsberger süni intellektdən istifadə edərək terror aktı törətmək üçün ona nə qədər partlayıcı lazım olduğunu və lazımi sayda atəşfəşanlığı haradan ala biləcəyini öyrənmək istəyib.
"ChatGPT"nin məxsus olduğu "OpenAI" şirkətinin nümayəndəsi süni intellekt modelinin cinayətlər üçün nəzərdə tutulmadığını və istifadəçiləri hər hansı qeyri-qanuni hərəkətlərə qarşı xəbərdar etdiyini söyləyib. "OpenAI" hesab edir ki, cinayətkarın aldığı cavablar süni intellektin internetdə sərbəst şəkildə əldə etdiyi məlumatlara əsaslanır və "ChatGPT" mümkün nəticələr barədə xəbərdarlıq edib.
Xatırladaq ki, hadisə nəticəsində yeddi nəfər yaralanıb.