AZ

Bu xəstəlik xeyli ağır keçir: Yeni virusdan necə qorunaq?

Son günlər demək olar ki, bütün dünyanın müzakirə mövzusu Çində yaranan insan metapnevmovirusudur.

COVİD-19-un ölümcül dalğasından sonra insanları narahat edən məqam bu virusun da təhlükəli ola biləcəyidir.

Xatırladaq ki, koronavirusdan qorunmaq üçün digər ölkələr kimi, ölkəmizdə də insanlar könüllü şəkildə vaksinasiyaya cəlb edilmişdilər. Yeni yaranan metapnevmovirusu ilə bağlı da Səhiyyə Nazirliyi əhalini vaksinasiyaya çağırıb.

Maraqlıdır, hazırda kütləvi vaksinasiyaya ehtiyac varmı?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda ölkədə epidemoloji vəziyyət qarma-qarışıqdır. Bir tərəfdən COVİD-19 pandemiyasını törədən SARS-CoV-2virusunun omikron stammının mutasiya variantları, qrip, rinoviruslar, digər tərəfdən də Çindən insan metapnevmovirusunun olması ehtimalı var və bu xəstəliklər də xeyli ağır keçir.

Adil Qeybulla: Vətəndaşların vaksinə neqativ münasibəti var

A.Qeybullanın sözlərinə görə, qrip vaksini qripdən tam qorumasa da immun sistemini aktiv saxlayır, onu fəallaşdırır və bu virus infeksiyaların hər biri üçün müəyyən dözümlülük yaradır:

“Hesab edirəm ki, bu vaksinasiyanı etdirmək vətəndaşlar üçün faydalı olar. Vətəndaşların vaksinə olan neqativ münasibəti tamamilə yanlışdır. Vaksinə qarşı pozitiv münasibət yaranmalıdır”.

Müsahibimiz nəzərə çatdırıb ki, infeksiyanın növündən asılı olmayaraq xəstələnən şəxslərdə simptomlar hamısı bir-birinə oxşardır:

“Qeyd etmək istərdim ki, xəstələnən şəxslər yataq rejiminə keçməli, bol maye içməli, özünü təcrid etməli və mümkün qədər işə getməməlidir ki, başqalarını yoluxdurmasınlar”.

Mina Mikayılova

Seçilən
12
bakivaxti.az

1Mənbələr