AZ

Tanınmış infeksionist yeni yayılan təhlükəli virusdan DANIŞDI

Xəbər verdiyimiz kimi, Çində yeni təhlükəli virus -  insan metapnevmovirusu (HMPV) sürətlə yayılır.

Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur və xəstəxanalara üşütmə, öskürək, boğazağrısı, həmçinin zəiflik və başgicəllənmə ilə xəstələr gətirilir. Son zamanlar ölkəmizdə də insanlar oxşar hallarla rastlaşır.

Azərbaycanın Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı yanvarın 6-da əhaliyə müraciət edib.

Nazirliyin açıqlamasına görə, bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı tanınmış infeksionist Aydın Əliyev özünün “Facebook” hesabında növbəti paylaşım edib.

Qeyd edib ki, son iki həftə ərzində insanlar arasında yeni bir virusun yayılması ilə bağlı qorxu hissi yaranıb:

“Əslində bu yeni bir virus deyil. Metapnevmovirusu bəşəriyyətə məlum olan virusdur. Xatırladım ki, ilk dəfə 2001-ci ildə Niderlanda aşkar edilib. Ancaq bəzi mənbələr virusun daha öncəki illərdə də olması ilə bağlı iddialar səsləndirirlər.

COVID-19 dönəmində yeni koronavirusdan söhbət gedirdi. O, yeni bir mutasiyaya uğramış virus idi. Onun yoluxuculuq qabiliyyəti bəzi yoluxan şəxslərdə xəstəliyin nisbətən ağır keçməsi, ağciyərdə “buzlu şüşə” görüntüsü müşahidə edilirdi və s. O, yeni növ koronavirus idi. Ancaq bu yeni növ metapnevmovirusu deyil. Bu elə həmin bilinən metapnevmovirusudur. Buna görə də heç bir qorxuya əsas yoxdur. 

Bəzi xəbər saytları insanları qorxutmasınlar. Qurumlar ciddi xəbərdarlıqlar edirlər. Bu, kəskin respirator virus infeksiyaları qrupuna aid olan viruslardır. Qripə oxşar əlamətlərdə müşahidə edilir. 

Normal orqanizmdə olan şəxslər xəstəliyi fəsadsız keçirirlər. Ancaq immun sistemi tam formalaşmamış olanlar, əsasən uşaqlarda 3-5 yaşına qədər və 65 yaşından yuxarı şəxslərdə immun sistemi nisbətən zəif olur. 

Buraya orqan köçürülən, bəzi qan xəstəlikləri, ağciyərin xroniki obstruktiv  xəstəliyi, bronxial astma olan şəxslərdə immun sistemi zəifləyir. Bəli, bu şəxslər nisbətən ağır keçirə bilər. 

Dünyada hazırda virusu öldürən bir dərman preparatı yoxdur. 

Aparılan müalicələr isə köməkçi müalicələrdir. Ağır keçirən şəxslərin dərman müalicəsi vasitəsilə immun sistemi gücləndirilir.

Digər tərəfdən yenə də insanları qorxudurlar ki, bir-birinizə yaxın durmayın. Onsuz da hamımızın borcumuzdur ki, şəxsi gigiyena qaydalarına əməl edək. İşdə, küçədə insanlar özlərini qoruya bilərlər. Bəs metroda gur saatlarda nə edəcəyik?”  

Aydın Əliyev sözlərinə görə,  metroda, ictimai nəqliyyatda insanlar adətən müəyyən qaydalara əməl etmirlər, bir-birinə yapışıq vəziyyətdə gedirlər:

“Müvafiq qurumlar yaxşı olar ki, bu məsələni həll etsinlər. 20 dəqiqə bəs edir ki,  virusa yoluxmuş insan digərlərini də yoluxdursun. İnsanları qorxutmaqdansa, bu məsələləri aradan qaldırmaq yaxşı olar.

Eyni zamanda, əhalini keyfiyyətli qida ilə təmin etmək lazımdı. 

Təəssüflər olsun ki, bir çox qida maddələrinin keyfiyyətinin aşağı olduğunu müşahidə edirik.

Digər tərəfdən bu virusun Çindən başladığı, Qazaxıstan və İngiltərədə də aşkar edildiyi deyilir. Çin Respublikasının bir həyəcan təbili çalması başa düşüləndir. Niyə? Çünki COVID-19 pandemiyası zamanı Çin milyardlar qazandı. Çünki bütün dünyaya dərman preparatı, vaksin, tibbi maska və s. satdı. 

Ona görə də hər hansı bir infeksiyanın yayılması zamanı, hətta çox geniş olmasa belə, o infeksiyadan yararlana biləcək ölkələr maraqlıdılar ki, bunun hansısa bir epidemiyaya çevrilmə təhlükəsindən danışsınlar. 

Lakin COVID-19-da olduğu kimi böyük pandemiyaya çevrilməsi gözlənilmir. İnsanları qorxutmaq lazım deyil. Sadəcə sağlamlığımıza, normal yuxu rejimimizə və qidalanmağımıza diqqət etmək lazımdır. 

Həmçinin, qan təzyiqi, yüksək şəkərli diabet və digər xroniki xəstəlikləri olanlar öz xəstəliklərini nəzarət altında saxlamağa çalışsınlar”.

Seçilən
25
cebheinfo.az

1Mənbələr