AZ

Avropanı bürüyən siyasi böhranlar - ultrasağların artan populyarlığı

Son bir neçə ildə Avropada ifrat sağçılar getdikcə daha çox populyarlıq qazanır. Bu vəziyyət əsasən Avropa İttifaqı (Aİ) sakinlərinin Brüsselin mövcud miqrasiya siyasətindən narazılığı, Şərqi Avropadakı müharibədən yorğunluq, eləcə də mərkəzçilərin artan iqtisadi çətinliklərin öhdəsindən gələ bilməməsi ilə bağlıdır.

2022-ci ildən bəri Avropada sağçı və ifrat sağçı partiyalar müxtəlif seçkilərdə əhəmiyyətli uğurlar qazanıblar. Məsələn, İtaliyada 2022-ci ildə Ciorcia Meloninin rəhbərlik etdiyi "İtaliya Qardaşları" partiyası, Niderlandda 2023-cü ildə Geert Vildersin "Azadlıq Partiyası" qalib gəlib, Slovakiyada isə Robert Fitsonun "Kurs - Sosial Demokratiya" partiyası sağçı hökumət formalaşdırıb.

Sağçıların ən son uğur nümunəsi Avstriyadır. Burada 2024-cü ildə ifrat sağçı "Avstriya Azadlıq Partiyası" (FPO) parlament seçkilərində tarixi qələbə qazanaraq ilk dəfə birinci yeri tutub və 29,2 faiz səs toplayıb. Nəticədə, 2025-ci il yanvarın 6-da Avstriya Prezidenti Aleksandr Van der Bellen FPO lideri Herbert Kiklyuya yeni hökumətin formalaşdırılmasını tapşırıb.

Hətta hakimiyyətin sağçı partiyalara keçmədiyi ölkələrdə də onların populyarlığının artması müşahidə olunur. 2022-ci ildə "İsveç Demokratları" sağçı populist partiyasının da daxil olduğu sağçı blok parlament seçkilərində ikinci yeri tutub. Bu, ölkənin siyasi mənzərəsində əhəmiyyətli dəyişikliyi simvolizə edirdi.

2024-cü ildə Avropa Parlamentinə seçkilərdə Marin Le Penin "Milli Birlik" partiyası güclü nəticə göstərərək ikinci yeri tutub və əhəmiyyətli sayda yer qazanıb. 2024-cü ilin yayında Fransada keçirilən növbədənkənar parlament seçkilərində "Milli Birlik" solçular koalisiyası və Makronun mərkəzçilərindən sonra üçüncü yeri tutub.

Almaniyada isə "Almaniya üçün Alternativ" (AfD) partiyasının təsiri sürətlə artır. O, ölkənin ikinci ən populyar partiyasına çevrilib. Avropa Parlamentinə seçkilərdə 15 yer qazanıb. Partiya 2025-ci ilin fevralında Almaniyada keçiriləcək növbədənkənar parlament seçkilərində öz uğurunu möhkəmləndirə bilər.

Mövcud tendensiya göstərir ki, Ukraynada müharibə nə qədər uzun çəkərsə, sağçıların populyarlığı bir o qədər artacaq. Avropa bu gün ciddi çağırışlarla üzləşir, Aİ-nin bir çox ölkəsində problemlər qar topası kimi artır. İqtisadiyyat və siyasətin qloballaşması cəhdi Aİ-ni hələlik çıxış yolu görünməyən bir dalana gətirib çıxarıb.

Seçilən
14
1
report.az

2Mənbələr