Bakı, 8 yanvar, AZƏRTAC
“İnanıram ki, ölkəmizdə təşkil olunacaq bu turnir bütün idmançılara yaxşı təcrübə qazandıracaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri xizək alpinizmi üzrə milli komandanın üzvü Nəzrin Qəribova Azərbaycanın ilk dəfə sahiblik edəcəyi Dünya Kuboku barədə Almaniya mətbuatına müsahibəsində deyib.
O, yarışın keçiriləcəyi “Şahdağ” Turizm Kompleksində şəraitin çox yaxşı olduğunu söyləyib: “Bu, bir çox idmançının Azərbaycana, xüsusilə də Şahdağa ilk səfəri olacaq. Sevindiricidir ki, Dünya Kuboku ilk dəfə Qərbi Avropadan kənarda keçiriləcək. Ümid edirik ki, bu turnir xizək alpinizmi idman növünün Qafqaz regionunda populyarlığını artıracaq və həmin idmançılar daha çox beynəlxalq yarışlarda iştirak edəcəklər”.
Yığma üzvü turnirdə çıxış edəcək Azərbaycanın yeganə qadın idmançısı olmasına münasibət bildirib: “Azərbaycanda xizək alpinizminin pərəstişkarı azdır. Lakin getdikcə insanların qış idman növlərinə marağı artır. Trekkinq, xizək turu və dırmanma kimi istirahət xarakterli dağ idmanı növləri getdikcə populyarlaşır. Ümid edirəm ki, bu növ ölkəmizdə tanınacaq, populyarlıq qazanacaq və tezliklə mötəbər yarışlarda daha çox qadın idmançımız mübarizə aparacaq. Azərbaycanın atletika, güləş, bədii gimnastika və cüdo üzrə olduqca istedadlı və tanınmış qadın idmançıları var. İnanıram ki, dağ rayonlarından olan gənc idmançılarla birlikdə bu turnirdə iştirakım digər qadınları da xizək alpinizmi ilə məşğul olmağa həvəsləndirəcək”.
Qeyd edək ki, Dünya Kubokunda sprint (10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək. Beynəlxalq turnirdə Azərbaycan daxil olmaqla 25 ölkə iştirak edəcək.