AZ

Boşanmaq istəyənlər bunları bilməlidir - Azərbaycanda YENİ QAYDALAR

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər edilib.

Publika.az xəbər verir ki, sözügedən dəyişiklikləri Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev şərh edib.

Onun sözlərinə görə, burada ümumi məqsəd ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

S.Hacıyev plenum qərarında əks etdirilən dəyişiklikləri açıqlayıb:

Artıq uşaqla ünsiyyət hüququ məsələsi nikahın pozulması ilə bərabər öz həllini tapa biləcək. Uşaqla ünsiyyətə dair mübahisələr yarandıqda uşaqdan ayrı yaşayan valideyn bu barədə tələblə ayrıca iddia qaldırmaq məcburiyyətində qalmayacaq, nikahın pozulmasına dair işlərə baxılarkən iddia irəli sürmək imkanı olacaq. Bu məsələnin boşanma ilə eyni anda həllini tapması, uşaqların hüquqlarının qorunmasına, valideynləri ilə vaxtında ünsiyyət qurmalarına xidmət edəcək.

Həmçinin məhkəmələr mübahisə predmeti olaraq valideynin uşaqla ünsiyyət hüququnun müəyyən olunmasından sonra ünsiyyətin vaxtı, müddəti, yeri və digər üsul və qaydasının dəyişdirilməsi üçün valideynlər artıq yeni iddia qaldırmaq məcburiyyətində qalmayacaq, bu barədə ərizə təqdim edəcək və həmin ərizəyə Mülki Prosessual Məcəllənin (MPM) 231-ci maddəsinə əsasən, 10 iş günü müddətində baxılacaq. Beləliklə, bu mübahisələrə baxılarkən əvvəlki təcrübədə müəyyən edilmiş hər üç instansiya məhkəmələrini əhatə edən, uzunmüddətli məhkəmə çəkişmələrinə yol verilməyəcək, valideynlər lüzumsuz vaxt itkisi, mediasiya və məhkəmə xərclərindən azad ediləcəklər.

Əvvəlki təcrübədən fərqli olaraq icra məmurları uşaqla ünsiyyətə dair qanuni qüvvəyə minmiş qətnamələrin icrasından azad olacaqlar və valideynlər özləri qətnaməni qarşılıqlı surətdə könüllü icra etməli olacaqlar. Belə ki, qəbul edilmiş qətnamə ilə uşağın kim tərəfindən, harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməsi valideynin öhdəliyi kimi müəyyən ediləcək. Bu qaydanın tətbiqi ünsiyyətin normal, davamlı və səmərəli təşkilinə xidmət edəcək. Valideynlərin öz öhdəliklərini könüllü icra etməmələri onlar barəsində məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək.

Bundan başqa, yeni qaydalar uşaqdan ayrı yaşayan valideynin də övladı ilə ölkədən gedə bilməsinə imkan yaradacaq.

Seçilən
14
49
publika.az

10Mənbələr