“Barselona” maddi məsələlərə görə qeydiyyatdan keçirə bilmədiyi Dani Olmo ilə bağlı müzakirələr davam edir. Metbuat.az xəbər verir ki, “Barselona” klubu futbolçunu qeydiyyatdan keçirmək üçün işləri davam etdirir. Hələlik La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası Dani Olmo ilə yanaşı Pau Viktorun da qeydiyyatına icazə verməyib. Futbolçunun qeydiyyatı ilə bağlı bəzi klublar “Barselona”ya dəstək ifadə edib. Məlumata görə, bu klublar arasında “Real Madrid” də var. Bununla belə, Dani Olmonun qeydiyyatına qarşı çıxan klublar da var. Bildirilir ki, “Atletik Bilbao”, “Atletiko Madrid” və “Sevilya” klubları futbolçu ilə bağlı “Barselona”ya güzəşt olunmasını istəmir. Futbolçular qeydiyyatdan keçirilməsə, onlar növbəti transfer mövsümünə qədər "Barselona"da oynaya bilməyəcək. Qeyd edək ki, Dani Olmo və Pau Viktor heyətə daxil edilə bilməsə, “Barselona” onları mövsümün sonuna qədər icarəyə göndərə bilər.