AZ

Deputat: "Zəngəzur dəhlizinin hərbi yolla açılmasına zərurət yoxdur"

“Zəngəzur dəhlizinin hərbi yolla açılmasına zərurət yoxdur. Sadəcə, Ermənistan bu dəhlizi açmağa məcbur qalacaq. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində bu məsələ ilə bağlı dövlətimizin mövqeyini ifadə etdi. Çünki Prezidentimizin dediyi kimi, regionda söz sahibi Azərbaycan dövlətidir. Cənab Prezidentin bu mesajından qarşı tərəf nəticə çıxarmalıdır”. 

 

Bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib. 

 

Deputat bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir: “Rəsmi İrəvanın məsələyə yanaşmada konstruktivlik nümayiş etdirməməsi yanlış addımdır. Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır. Regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Eyni zamanda dəhliz fəaliyyətə başladıqdan sonra Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm həlqə təşkil edəcək. Məsələ bundadır ki, Zəngəzur dəhlizinin açıqlması Ermənistan üçün də faydalıdır. Çünki bu koridor vasitəsilə onlar da iqtisadi divident qazanacaqlar”. 

 

Deputat bildirib ki, görünür, Baş nazir Nikol Paşinyanı idarə edən xarici qüvvələr ona Zəngəzur dəhlizinin açılmasına icazə vermirlər:  “Amma proseslər göstərir ki, Ermənistan müəyyən məsələlərdə konstruktivlik göstərməsə, sonradan buna məcbur edilir. Paşinyana vəd verən xarici qüvvələr də məkrli planlarını icra edə bilmirlər”. 

 

Aytəkin Qardaşova

Tarix: 9 Yanvar 2025, 08:05   
Seçilən
9
40
pravda.az

10Mənbələr