AZ

İranlı general: “Biz böyük zərbə aldıq”

Yazını böyüt
Yazını kiçilt

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) yüksək rütbəli komandirlərindən briqada generalı Bəhruz Esbati Suriyada rejimin devrilməsinin Tehran üçün böyük zərbə olduğunu bildirib.

Hafta.az-ın “New York Times”a istinadən yazdığına görə, Esbati Bəşər Əsəd rejiminin süqutu ilə bağlı bunları deyib: “Məğlub olduq, çox pis məğlub olduq, bizə çox böyük zərbə vuruldu və bu, çox çətin proses idi”.

Komandirin çıxışının səs yazısı İranla bağlı hadisələrə diqqət çəkən İsveçrədə yerləşən “Abdi Media” təşkilatı tərəfindən yayımlanıb.

Esbati həmçinin Suriya rejiminin süqutundan əvvəl Dəməşq-Tehran münasibətlərinin gərgin olduğunu bildirib. Müvafiq olaraq, mübahisə Əsədin Qəzza müharibəsi çərçivəsində İranın dəstəklədiyi milislərin Suriya vasitəsilə İsrailə qarşı yeni cəbhə açmasına icazə vermədiyi üçün yaranıb.

Yüksək rütbəli komandir həmçinin Rusiyanı Dəməşq rejiminin süqutuna görə məsuliyyət daşıdığını deyib. Esbati iddia edib ki, ruslar rejim əleyhdarı qüvvələrə hücum etdiklərini desələr də, əslində boş sahəyə bomba atıblar. Komandir iddia edib ki, üsyançıların irəliləməsi zamanı Kreml Tehranı yanlış məlumatlandırıb.

Bundan əlavə, briqada generalı Esbati İranın Suriyada döyüşçü toplama fəaliyyətlərini davam etdirəcəyini bildirib və deyib: “Biz bu illər ərzində işlədiyimiz bütün şəbəkələri, cəmiyyətin müxtəlif təbəqələrinə sızmış adamlarımızı səfərbər edə, sosial mediada aktiv ola və müqavimət hüceyrələri yarada bilərik. Biz indi digər beynəlxalq arenalarda olduğu kimi orada da fəaliyyət göstərə bilərik və biz artıq buna başlamışıq”.

Esbati əlavə edib ki, xalqın üzləşdiyi korrupsiya, siyasi repressiya və iqtisadi çətinlikləri nəzərə alsaq, Əsəd rejiminin devrilməsi qaçılmaz idi. Briqada generalı Əsədin islahat xəbərdarlıqlarına məhəl qoymadığını bildirib.

İranlı analitik Mehdi Rəhməti qeyd edir ki, Esbatinin açıq bəyanatları Tehranın rəsmi diskurusu ilə ziddiyyət təşkil edir və ölkədə böyük təəccüb yaradıb: “Hamı məclislərdə bu nitqdən danışır, görəsən bu sözləri niyə demişdi, xüsusən də camaat qarşısında. İrana nə baş verdiyini və ölkənin hazırda harada olduğunu çox aydın şəkildə göstərdi. Bu, müəyyən mənada daxili siyasət üçün də xəbərdarlıq ola bilər”.

Seçilən
3
hafta.az

1Mənbələr